“Abzas Media” “European Press Prize”ın xüsusi mükafatına layiq görülüb 

Foto: Leyla Mustafayeva

Mükafat “Abzas Media”nı təmsil edən jurnalist Leyla Mustafayevaya təqdim edilib

“Abzas Media” “Baku Connection” layihəsi “European Press Prize”ın xüsusi mükafatına layiq görülüb.

“Forbidden Stories” platformasının koordinasiyası etdiyi 15 media qurumundan olan 40 jurnalist Azərbaycanda həbs edilmiş həmkarlarının işini davam etdirib. Hazırda həbsdə olan “Abzas Media” əməkdaşları ölkədə hakim Əliyev rejiminin korrupsiya, ətraf-mühit çirkliliyi və insan haqları məsələlərini araşdıran sonuncu jurnalistlərdən olublar.

 “Baku Connection” layihəsinə “Abzas Media”dan başqa, “Der Standard”, “d’Lëtzebuerger Land”, “France 24”, “IRPI”, “Knack”, “Le Monde”, “Le Soir”, “NRC”, “OCCRP”, “Paper Trail Media”, “Radio France”, “RFI”, “RTS”, “Tamedia”, “The Guardian”, “ZDF” kimi media qurumlarından olan jurnalistlər daxildir.

“The Baku Connection” layihəsinin birinci hissəsi 2024-cü il fevralın 1-də Azərbaycanda prezident seçkiləri ərəfəsində dərc edilib. “Baku Connection” konsorsiumu Azərbaycan həbsxanalarında idarəçilik problemlərini və ölkənin qərbində yerləşən Gədəbəy rayonundakı qızıl mədənində aparılan işləri araşdırıb.

İkinci hissə prezident seçkilərindən sonra, 20 fevral 2024-cü ildə dərc olunub. Bu bölüm Azərbaycanın seçki müşahidəsini necə manipulyasiya etməsi və özünü demokratik ölkə kimi göstərmək üçün bu prosesi necə istifadə etməsi ilə bağlı olub.

 Üçüncü hissə isə 8 noyabr 2024-cü ildə, COP29 iqlim sammiti ərəfəsində yayımlanıb. Bu dəfə Konsorsium Fransa Rivyerasında yerləşən villa, Lüksemburqdakı biznes sxemləri və milyonlarla avronun mənimsənilməsində şübhəli bilinən Fransa-Azərbaycan əsilli iş adamı Xaqanı Bəşirov ətrafında dolaşan şübhəli maliyyə əlaqələrini araşdırıb.

Mükafat “Abzas Media”nı təmsil edən jurnalist Leyla Mustafayevaya təqdim edilib.

2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “AbzasMedia” nəşrinin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, ötən ilin mayında isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə “AbzasMedia işi” çərçivəsində həbs edilib.

Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. 2024-cü ilin avqustunda isə “AbzasMedia işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb.

Əlavə ittihamlar külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, habelə, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırılması və saxta sənədlərdən istifadə ilə bağlıdır.

Həbslərindən bir müddət sonra “Abzas Media”nın əməkdaşları bəyanat yayaraq yarımçıq qalan araşdırmalarının davam etdirilməsi üçün yerli və beynəlxalq jurnalistlərə çağırış ediblər.

Buna cavab olaraq, “Forbidden Stories”, “OCCRP” və “PTM” noyabrın 23-də birgə bəyanat yayıblar. Bəyanatda “Abzas Media”nın susdurulmağa çalışılan işinin davam etdiriləcəyi və bu məqsədlə “Baku Connection” Konsorsiumu yaradıldığı elan edilib. Cəmi bir neçə gündən sonra layihə 15 qlobal media təşkilatını və 40 jurnalisti bir araya gətirməyə müvəffəq olub. “Abzas” jurnalistləri həbs olunandan etibarən bütün layihə tərəfdaşları birlikdə işləyiblər.

Bundan əvvəl “Abzas Media” 2024-cü il üzrə “Azad Media” mükafatına (“Free Media Awards”) və “People In Need” Təşkilatının təsis etdiyi nüfuzlu “Homo Homini” Qlobal İnsan Haqları Mükafatına layiq görülüb.

Ana səhifəTövsiyə“Abzas Media” “European Press Prize”ın xüsusi mükafatına layiq görülüb