Abşerondakı əməliyyatın detalları açıqlandı: 4 nəfər həbs edilib

Mənbə: https://commons.wikimedia.org/

Onlar dələduzluqda, qulluq mövqeyindən istifadədə ittiham olunurlar

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində keçirilmiş əməliyyatın detalları məlum olub. Əməliyyat nəticəsində dörd nəfər həbs edilib. Onlar 2019-2022-ci illərdə Abşeron ərazisində torpaq sahələrinə aid bölgü sənədlərinin tərtib edilməsi, texniki pasport və çıxarışların verilməsi, sxemlərin təsdiqi üçün müxtəlif adamlardan külli miqdarda pul alıb, dələduzluq etməkdə ittiham olunur.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

Həbs olunanlar arasında 4 saylı Abşeron Ərazi İdarəsindəki mütəxəssislər Aydaş Məmmədov, Mirhəmid Ağayev, şöbələrdən birinin eksperti Araz Həsənli və vasitəçi makler Nurlan Seyidov var. Onlara qarşı Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (qulluq mövqeyindən istifadə edilməklə törədilən dələduzluq), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və başqa maddələrilə ittiham irəli sürülüb.

Prokurorluğun məlumatında iddia olunur ki, müvafiq sektorda mütəxəssis işləmiş Aydaş Məmmədovun digər şöbənin mütəxəssisi Mirhəmid Ağayevlə birlikdə 2019-2022-ci illərdə ayrı-ayrı adamlardan ümumilikdə 12 min manat pul alıb, onları rüşvət verməyə təhrik edib. Ekspert vəzifəsində işləmiş Araz Həsənli və vasitəçi-makler Nurlan Seyidov isə bu müddətdə Abşeron rayonu ərazisində torpaq sahələrinə aid bölgü sənədlərinin tərtibi, çıxarışların verilməsi üçün müraciət etmiş vətəndaşlardan ümumilikdə 53 min 700 manat pul almaqda ittiham olunur.

“Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – prokurorluqdan bildirilib.

Təqsirləndirilən şəxslərin bu ittihamlara münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

Ana səhifəSosialAbşerondakı əməliyyatın detalları açıqlandı: 4 nəfər həbs edilib