Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edilib

Baş memar və daha bir neçə nəfər rüşvət almaqda ittiham olunub

Source: Google


Baş memar və daha bir neçə nəfər rüşvət almaqda ittiham olunub

Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib. Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda belə deyilir. Bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161–Qaynar xətt” əlaqə mərkəzinə Abşeron rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciətlər araşdırılıb və kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Nəticədə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib.

İttihama görə, baş memar vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon icra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib. Onun Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib, əlavə olaraq vətəndaşdan 1500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar iyunun 23-də Akif Əliyev Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

“Həmçinin istintaqla Murad Əhmədovun özünün Akif Əliyevlə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək vətəndaşın Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin nəzdində 96 kv/m qeyri-yaşayış sahəsinin texniki şərtlərinə dəyişiklik edilməsi və eskiz layihəsinin hazırlanması imkanına malik olmasını, bunun müqabilində 2500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək vətəndaşı aldatmasına, qeyd edilən məsələnin müsbət həlli üçün onun 1000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, o cümlədən vətəndaşın xeyrinə edəcəyi hərəkətə görə sonuncunu 2500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir”, – məlumatda qeyd olunur.

Baş Prokurorluq deyir ki, iyunun 20-də M.Əhmədov vətəndaşı aldadaraq 1000 manat məbləğində pulu ondan alarkən cinayət başında yaxalanıb:

“Qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunub”.

Murad Əhmədov Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Məlumatda deyilir ki, hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin, eləcə də baş vermiş qanun pozuntularında iştirakı müəyyən edilən rayon icra hakimiyyətinin əməkdaşlarının tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İyunun 22-də yerli media Abşeron Rayon İcra Hakimiyyətində axtarış aparıldığı barədə

məlumat

yaymışdı. Baş Prokurorluq yazılanların dəqiqləşdirilməmiş informasiya olduğunu, həqiqəti əks etdirmədiyini bildirirdi.

Ana səhifəXəbərlərAbşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edilib