Səfirlik deyir ki, ABŞ vətəndaşları Litva və Latviya ilə qalan sərhəd keçidləri və ya təyyarə ilə yola düşməyi düşünməlidir
ABŞ Belarusdakı vətəndaşlarına bu ölkəni tərk etməklə bağlı xəbərdarlıq edib. Eyni zamanda, bildirib ki, Belarusa vacib olmadıqca səyahət edilməsin. Səbəb kimi Rusiyanın Ukraynaya hücumu, Belarusda Rusiya hərbi qüvvələrinin gücləndirilməsi, yerli qanunların özbaşına icrası, vətəndaş iğtişaşları potensialı və həbs riski göstərilib. “Həmçinin səfirliyin məhdud fəaliyyəti vətəndaşlara kömək etmək imkanlarını aşağı salır”, – deyə bildirilib.
Bu barədə ABŞ-ın Belarusdakı səfirliyi məlumat yayıb.
Səfirlik bildirib ki, Belarusu tərk etmək istəyən ABŞ vətəndaşları Litva və Latviya ilə qalan sərhəd keçidləri və ya təyyarə ilə yola düşməyi düşünməlidir. Çünki ABŞ vətəndaşlarının Belarusdan Polşaya quru sərhədlə daxil olmasına icazə verilmir. “Rusiyaya və ya Ukraynaya da səyahət etməyin. Yox, Belarusa səyahət etməli olsanız, fövqəladə hallar planına sahib olun”.
Litva Belarusla olan sərhəd keçidlərindən ikisini avqustun 18-dən qapadıb. Həmin vaxt ölkə rəhbərliyi sərhədlərin tam qapanması variantlarını nəzərdən keçirdiklərini açıqlayıb. Digər qonşu ölkələr də Belarusla sərhəd keçid məntəqələrində ciddi nəzarət qurduqlarını açıqlayıb.