ABŞ Venesuela sahillərində neft tankerini ələ keçirib

Foto: Shutterstock\ miss.cabul

ABŞ son aylarda hərbi müdaxilə ilə hədələdiyi Venesuela sahillərində bir neft tankerini ələ keçirib.

Tramp administrasiyasının rəsmiləri çərşənbə günü ABŞ Sahil Mühafizəsinin əməliyyata rəhbərlik etdiyini təsdiqləsələr də, hadisə ilə bağlı detalları açıqlamayıblar.

Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp məsələni təsdiqləyib:

“Venesuela sahillərində bir tanker ələ keçirdik – çox böyük tanker, bəlkə də indiyə kimi müsadirə etdiyimiz ən böyüyü. Digər məsələlər də var, onları da tezliklə görəcəksiniz”, – Tramp deyib.

Jurnalistlərin suallarını cavablandırarkən o, tankerin sahibini açıqlamaqdan imtina edib və “düşünürəm ki, nefti özümüzdə saxlayacağıq”, – deyə əlavə edib.

Venesueladan etiraz: “Beynəlxalq piratlıqdır”

Venesuela hökuməti hadisəni sərt tənqid edərək ABŞ-ni “açıq oğurluq”da günahlandırıb və bunu “beynəlxalq piratlıq” adlandırıb.

Xarici İşlər Nazirliyi bildirib ki, ölkə öz suverenliyini və milli resurslarını “qətiyyətlə müdafiə edəcək” və məsələ beynəlxalq qurumlara çıxarılacaq.

ABŞ Baş prokuroru Pam Bondi sosial şəbəkədə tankerin Venesuela və İran mənşəli “sanksiyalaşdırılmış neft” daşıdığı üçün müsadirə edildiyini yazıb. Bondinin paylaşdığı videoda ABŞ hərbçilərinin helikopterdən tankerin göyərtəsinə endiyi görünür. O bildirib ki, əməliyyatda Müdafiə Nazirliyi, Federal Təhqiqat Bürosu (FBI), Daxili Təhlükəsizlik Nazirliyi və Sahil Mühafizəsi iştirak edib.

Hadisə ABŞ-nin Venesuelaya qarşı “maksimum təzyiq” siyasəti fonunda regiondakı gərginliyi daha da artırıb.

Artan hərbi gərginlik

İkinci müddətə hakimiyyətə qayıtdıqdan sonra Tramp Venesuelaya qarşı ritorikasını sərtləşdirib və Karib hövzəsinə əlavə hərbi qüvvələr göndərib. Bunlar arasında dünyanın ən böyük aviadaşıyıcısı sayılan USS Gerald Ford da var.

ABŞ eyni zamanda Karib dənizi və Sakit okeanda narkotik qaçaqmalçılığı iddiası ilə bir sıra qayıqlara zərbələr endirib. Tramp administrasiyası bu qayıqların bəzilərinin Venesueladan çıxdığını iddia edir. Bu hücumlar nəticəsində ən azı 22 gəmi vurulub, 87 nəfərin öldürüldüyü bildirilir. Tramp dəfələrlə quru ərazilərinə də zərbələrin davam etdirilə biləcəyini deyib.

Venesuela Prezidenti Nikolas Maduro isə ABŞ-nin onu devirməyə çalışdığını bəyan edib və sahilboyu qoşunların gücləndirildiyini açıqlayıb. Neft ixracı Venesuelanın əsas gəlir mənbəyidir. Ölkə ötən ay gündəlik 900 min barrelə yaxın neft ixrac edib. Tankerin ələ keçirilməsi ilə bağlı xəbərlərdən sonra neft qiymətləri yüksəlib.Əl-Cəzirə müxbiri Mayk Hanna məlumatların hələ də məhdud olduğunu qeyd edərək, hadisənin Karib hövzəsində onsuz da yüksək olan gərginliyi daha da artıra biləcəyini bildirib.

Ana səhifəDünyaABŞ Venesuela sahillərində neft tankerini ələ keçirib