ABŞ və Şimali Koreya rəhbərlərinin görüşü baş tutdu

”Bu tarixi sənədin imzalanması yeni başlanğıc haqqında xəbər verir”

Source:
Kim Çen In və Donald Tramp
Kim Çen In və Donald Tramp


”Bu tarixi sənədin imzalanması yeni başlanğıc haqqında xəbər verir”

İyunun 12-də Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İn ilə ABŞ prezidenti Donald Trampın görüşü olub. Sammit Sinqapurun Sentos adasında baş tutub.

Görüşün 48 dəqiqə çəkdiyi bildirilir. Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdirilib.


“Euronews”

yazır ki, görüş geniştərkibli olub. Tərəflər Vaşinqton və Pxenyan arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə ediblər.

ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen İn Sinqapurda keçirilən görüşün yekunlarına dair sənəd imzalayıblar.

“Çox vacib, əhatəli sənəd imzalayırıq. Biz daha artığını etmək istəyirik. Bu tarixi sənədin imzalanması yeni başlanğıc haqqında xəbər verir. Böyük dəyişikliklər olacaq”, – D.Tramp sənədin imzalanmasından sonra bildirib.

Jurnalistlərin Kim Çen İni Ağ evə dəvət etməklə bağlı sualına ABŞ prezidenti “Əlbəttə, dəvət edəcəyəm”,- deyib.

Kim Çen İn isə “Biz böyük dəyişikliklər görəcəyik”, – deyə vurğulayıb.

Kim Çen İnin avtomobil karvanı adadan körpü vasitəsilə ayrılıb.

Koreya 1910-cu ildən İkinci dünya müharibəsinin sonuna qədər Yaponiya imperiyasının koloniyası olub. İkinci dünya savaşı bitənə yaxın SSRİ Yaponiya ilə aralarında o vaxta qədər qüvvədə olmuş hücum etməmək haqqında Paktı birtərəfli qaydada ləğv etdi. Bundan sonra Sovet qoşunları Koreyaya şimaldan, amerikalılar isə Koreya yarımadasının cənubundan daxil oldu.

1945-ci ilin avqustunda ABŞ və SSRİ öz aralarında Koreyanı 38-ci paralel üzrə bölməyə, yapon ordusunun 38-ci paraleldən şimalda Qızıl Orduya, cənubda isə ABŞ-a təslim olmalı olduğunu razılaşdılar. Bununla da yarımada şimalda sovet, cənubu isə ABŞ nəzarətində olan iki hissəyə bölündü.

Şimali və Cənubi Koreyalar arasında 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-ə qədər müharibə oldu. 1953-cü ilin iyulunda tərəflər arasında barışıq haqqında saziş imzalandı.

Tarixdə bu müharibə ABŞ və onun müttəfiqləri ilə Çin Xalq Respublikası və SSRİ arasındakı gizli müharibə kimi də qiymətləndirilir.

Ana səhifəXəbərlərABŞ və Şimali Koreya rəhbərlərinin görüşü baş tutdu