”Siyasi motivli hesab olunan ittihamlarla həbs edilib”
ATƏT-in Vyanada Daimi Şurasına yanvarın 18-də ABŞ və Kanadanın azərbaycanlı jurnalist Əfqan Muxtarlı barəsində hökm haqqında birgə bəyanatı təqdim edilib.
“Turan” agentliyinin məlumatına əsasən, bəyanatda deyilir ki, ATƏT qarşısında fikri ifadə azlığına hörmət öhdəliklərimiz fonunda Kanada və ABŞ yanvarın 12-də Azərbaycanlı jurnalist Əfqan Muxtarlı barəsində çıxarılmış 6 il azadlıqdan məhrumetmə hökmündən narahatlığını
bildirir.
“Məlumata görə, Muxtarlı mayın 29-da Gürcüstanda oğurlanıb və Azərbaycanda qaçaqmalçılıq və siyasi motivli hesab olunan digər ittihamlarla həbs edilib.
Kanada və ABŞ Azərbaycan hökumətini Muxtarlını və əsas azadlıqlarını həyata keçirdiklərinə görə həbsdə saxlanan bütün şəxsləri azad etməyə çağırır.
Biz Gürcüstanda oğurluq haqqında məlumatın araşdırılmasını diqqətlə izləməyə və Gürcüstanlı həmkarlarımızdan bu məsələdə irəliləyişlər haqqında məlumat istəməyə davam edirik”, – deyə bəyanatda bildirilir.
Yanvarın 12-də Balakən məhkəməsinin qərarı ilə jurnalist Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum
edilib
.
O, dövlət sərhədini qanunsuz keçmədə, qanunda icazə verilən miqdardan artıq gömrük rüsumu ödəmədən ölkəyə xarici valyuta gətirməkdə və saxlanılan zaman dövlət rəsmisinə xəsarət yetirmədə təqsirli bilinib.
Əfqan Muxtarlı ittihamları qəbul etməyərək, 2017-ci ilin mayında Gürcüstandan oğurlanaraq Azərbaycana gizli yollarla gətirildiyini, həbsinin onun jurnalist və siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Beynəlxalq təşkilatlar Əfqan Muxtarlını siyasi məhbus hesab edirlər.
Əfqan Muxtarlıya hökmdən sonra
Avropa İttifaqı
və ABŞ
Dövlət Departamenti
onun azad edilməsini tələb edən bəyanatlarla çıxış ediblər.