ABŞ və Britaniyanın husilərin 16 obyektinə zərbə endirdiyi bildirilir

Fotolar: Reuters

Rusiya BMT TŞ-nın təcili toplanmasını istəyib, İran əməliyyatı pisləyib

Yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya hərbçilərinin Yəməndə husilərin hədəflərinə irimiqyaslı hücum həyata keçirdiyi bildirilir.

ABŞ rəsmiləri hücumların döyüş gəmiləri və sualtı qayıqlardan, eləcə də döyüş təyyarələrindən “Tomaqavk” raketləri ilə həyata keçirildiyini qeyd ediblər.

ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərq Komandanlığının məlumatında bildirilir ki, Yəməndə komanda məntəqələri, sursat anbarları, buraxılış məntəqələri, istehsalat obyektləri və hava hücumundan müdafiə radarları da daxil olmaqla 16 hədəfə 60-dan çox zərbə endirilib:

Hərbi Hava Qüvvələri müxtəlif növ və 100-dən çox dəqiq idarə olunan sursatdan istifadə edib”.

Şahidlərin “Reuters”ə verdiyi məlumata görə, Səna hava limanı yaxınlığındakı hərbi baza, Taiz hava limanı yaxınlığındakı hərbi obyekt, husilərin Hudeydadakı hərbi dəniz bazası və Həccə əyalətindəki hərbi obyekti vurulub.

Bu, ABŞ-ın 2016-cı ildən bəri Yəməndəki husi hədəflərinə ilk hərbi zərbəsidir.

Hərbi hədəflərə zərbələr husilərin Qırmızı dənizdə İsrailə doğru hərəkət edən ticarət gəmilərinə hücumlarına cavab olaraq həyata keçirilib.

Bu zərbələr husilərin Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə misli görünməmiş hücumlarına, o cümlədən, ilk dəfə gəmi əleyhinə ballistik raketlərdən istifadəyə cavab idi”, – ABŞ Prezidenti Co Bayden belə deyib.

O, husilərin hədəflərinə raket hücumlarını “müdafiə hərəkətləri” adlandırıb.

Britaniyanın Baş naziri Rishi Sunak bildirib ki, ölkəsi gəmiçiliyi qorumaq üçün bu aktda iştirak edib.

O, əməliyyatı “özünümüdafiə üçün məhdud, zəruri və mütənasib tədbirlər” adlandırıb.

Avstraliya, Bəhreyn, Almaniya, Danimarka, Kanada, Hollandiya, Yeni Zelandiya və Cənubi Koreya hökumətləri ABŞ və Böyük Britaniyaya dəstək verib.

Müttəfiqlər insanların həyatını qorumağa və mühüm ticarət su yolunu təmin etməyə hazır olduqlarını bildiriblər.

Husi rəsmiləri ABŞ və Böyük Britaniyanın raket hücumlarına cavab verəcəklərini bildiriblər.

Yəmənin husi hərəkatının (“Ənsar Allah”) sözçüsü deyib ki, raket zərbələri husilərin Qırmızı dənizdə mülki gəmilərə hücum qərarına təsir etməyəcək.

Husilər dağıntı və ya itki olub-olmaması ilə bağlı heç bir məlumat verməyib.

BMT
Foto: BMT

Rusiya Yəmənə endirilən zərbələrə görə BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

Bu gün Rusiyanın BMT-dəki daimi nümayəndəliyi BMT Təhlükəsizlik Şurasında “ABŞ və Böyük Britaniyanın Yəmənə zərbələri ilə bağlı açıq brifinq” keçiriləcəyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib ki, ABŞ-ın Yəmənə zərbələri anqlo-saksonların öz dağıdıcı məqsədləri üçün regionda vəziyyəti gərginləşdirmək adı altında BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmələrinin və beynəlxalq hüquqa tam məhəl qoymamasının daha bir nümunəsidir.

Rəsmi Tehran ABŞ və Böyük Britaniyanın hücumlarını kəskin şəkildə pisləyib və zərbələrin ölkənin ərazi bütövlüyünü və beynəlxalq hüququ pozduğunu bildirib.

İran hücumun regionda qeyri-sabitliyi artıracağına inanır.

Ana səhifəSiyasətABŞ və Britaniyanın husilərin 16 obyektinə zərbə endirdiyi bildirilir