XİN sözçüsü Hikmət Hacıyev: “Peşəkar fəaliyyətinə və siyasi mənsubiyyətinə görə Azərbaycanda heç kim təqib olunmur”
“Biz aprelin 22-də Azərbaycan məhkəməsinin hüquqşünas İntiqam Əliyevi şübhəli ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum etməsindən və vəzifə tutmasına 3 illik qadağa qoymasından narahatıq”. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün vəzifəsini icra edən Marei Harf bildirib.
“Ölkənin ən tanınmış insan haqları müdafiəçilərindən olan, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Əliyev Azərbaycanda hüququn aliliyi və dinc fəalların müdafiəsi üçün çox işlər görüb. O, Avropa İnsan Haqları Məhkəməsinə yüzlərlə iş göndərib və çoxunda qələbə qazanıb”,- o qeyd edib.
“Biz Azərbaycan hökumətini İntiqam Əliyevi və fundamental azadlıqlardan istifadəyə görə həbs edilmiş digər fəalları azad etməyə çağırırıq. Biz həmçinin Azərbaycan hökumətini beynəlxalq sazişlər çərçivəsində götürdüyü öhdəliklərə uyğun olaraq vətəndaşlarının hüquqlarını təmin etməyə çağırırıq”, – Marie Harf vurğulayıb.
Öz növbəsində, Dövlət Departamentinin bəyanatını Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şərh edərkən bilidirib ki, İntiqam Əliyevin həbsinin insan hüquqları müdafiəsi ilə hər hansı əlaqəsi yoxdur.
“İntiqam Əliyev vergidən yayınmaq və digər qanunazidd əməllərinə görə ittiham olunub, qanunun aliliyinin ifadəsi kimi məhkəmənin qərarı ilə bu cinayət təsbit olunub. Bunun insan hüquqları fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.
H.Hacıyev hesab edir ki, peşəkar fəaliyyətinə və siyasi mənsubiyyətinə görə Azərbaycanda heç kim təqib olunmur.
“Görünür ki, digər ölkələrdən fərqli olaraq, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda qəbul olunan hər bir məhkəmə qərarı böyük diqqətlə izlənilir. Bu minvalla davam etdiyi təqdirdə ABŞ Dövlət Departamentinin Azərbaycanda açılan hər bir cinayət işinə münasibət bildirməsini gözləmək olar”, – o qeyd edib.
“Birləşmiş Krallıq məhkəmə prosesinin bir sıra aspektlərindən narahatdır, bu aspektlər hökmün siyasi motivli olması təəssüratını gücləndirir”
Böyük Britaniyanin xarici işlər nazirliyi hüquqşünas İntiqam Əliyevin 7 il yarım azadlıqdan məhrum edilməsinə dair bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Birləşmiş Krallıq İntiqam Əliyevin şübhəli ittihamlarla məhkum edilməsindən sarsılıb.
Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi İntiqam Əliyevi 7 il 6 ay həbsə məhkum edib. O, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə və vəzifə saxtakarlığında ittiham olunur. İ.Əliyev ittihamları qəbul etmir və siyasi sifariş sayır.
Hüquq müdafiəçisinin məhkəməsi Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq təşkilatlar, Avropa ölkələri və ABŞ səfirliyinin əməkdaşları tərəfindən sonadan müşahidə edilib. Məhkəmənin hökmü beynəlxalq və yerli hüquq- müdafiə təşkilatları, vətəndaş cəmiyyətləri tərəfindən kəskin tənqidlərlə qarşılanıb.
Amnesty International təşkilatı İntiqam Əliyevi “vicdan məhbusu” elan edib. (Turan İA)