ABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürüb

Amma BMT TŞ-nin 2231 saylı qətnaməsi əvvəlki sanksiya rejiminin əvəzinə bəzi məhdudiyyətlərin saxlanılmasını nəzərdə tutur

Source:


Amma BMT TŞ-nin 2231 saylı qətnaməsi əvvəlki sanksiya rejiminin əvəzinə bəzi məhdudiyyətlərin saxlanılmasını nəzərdə tutur

 ABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama müvafiq fərman imzalayıb. “Mən müəyyən etdim ki, Birgə Hərtərəfli Tədbirlər Planının nəzərdə tutduğu addımların İran tərəfindən icra olunması İranın nüvə proqramı ilə bağlı vəziyyəti əsaslı şəkildə dəyişib. ABŞ-ın sanksiyalara dair üzərinə götürdüyü öhdəliklərlə əlaqədar mən sanksiyalarla bağlı fərmanları geri çağırıram”.

Avropa İttifaqı da, öz növbəsində, İran üzərindən iqtisadi və maliyyə sanksiyalarının götürüldüyünü təsdiqləyib. Bununla bağı yazılı prosedur artıq başa çatıb. Məlumata görə, İran üzərindən bütün sanksiyaların götürülməsi barədə əvvəl razılaşdırılmış normativ çərçivələrin təsdiqlənməsi üçün bu prosedura bir neçə gün əvvəl start verilib.

“Yanvarın 16-dan etibarən İranın nüvə proqramına dair sazişin implementasiyasına başlanılıb. Nüvə proqramı ilə əlaqədar İrana tətbiq edilən çoxtərəfli və milli iqtisadi sanksiyalar ləğv edilib”, deyə  Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi  Federika Mogerini  İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə  Vyanada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

Beynəlxalq Agentliyin (AEBA) İranın “altılıq” ilə əldə olunan saziş üzrə  müddəaları yerinə yetirməsi barədə yazılı təsdiqi BMT Təhlükəsizlik Şurasına təqdim edilib. Qeyd olunan prosedur 2006-2010-cu illərdə İrana qarşı sanksiyaların tətbiqinə dair BMT TŞ-də qəbul olunan bütün qətnamələrin ləğv edilməsini nəzərdə tutur.

BMT TŞ-in iyulun 20-də İranın nüvə proqramı üzrə sazişin dəstəklənməsinə dair qəbul etdiyi 2231 saylı qətnaməsinə əsasən, AEBA-dan müvafiq bildiriş daxil olduqda, 2006-2010-cu illərdə İrana qarşı sanksiyaların tətbiqi barədə qəbul olunan bütün qətnamələr ləğv edilir.

2231 saylı qətnamə əvvəlki sanksiya rejiminin əvəzinə bəzi məhdudiyyətlərin saxlanılmasını nəzərdə tutur.

Belə ki, İrandan silah ixracına qoyulan qadağa bundan sonra beş il, ölkəyə nüvə texnologiyaların verilməsinə qoyulan qadağa isə 10 il davam edəcək.

Bundan başqa, İrana 8 il müddətində nüvə başlığı daşıya biləcək ballistik raketlərin istehsalından imtina etməsi tövsiyə edilir.

Qeyd olunan qətnamədə, İranın sövdələşməni pozduğu halda, əvvəlki məhdudiyyətlərin tətbiqinin bərpa edilməsi mexanizmi nəzərdə tutulub.

BMT TŞ-in beş daimi üzvü 2025-ci ildə sanksiyaların tətbiqinin bərpası mexanizminin daha 5 il müddətə uzadılması məsələsinə təkrar baxılmasına dair artıq razılığa gəliblər.

Ana səhifəXəbərlərABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürüb