ABŞ və Suriya liderləri 25 ildən sonra ilk dəfə görüşüblər

Foto: Reuters

Görüşdən sonra Tramp vaxtı ilə həbsi üçün ABŞ-nin 10 milyon dollarlıq mükafat vəd etdiyi indiki Suriya Prezidentini tərifləyib

ABŞ Prezidenti Donald Tramp Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şəraa ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşüb.

Bu, son 25 ildə iki ölkə liderləri arasında baş tutan ilk birbaşa təmasdır.

Görüş Trampın Körfəz Əməkdaşlıq Şurası (GCC) liderləri ilə keçirdiyi sammit çərçivəsində təşkil olunub.

Hadisə yalnız Suriyanın xarici siyasətində deyil, həm də onun yeni liderinin dramatik şəxsi keçmişində dönüş nöqtəsi hesab olunur.

Keçən ilə qədər Vaşinqton Əhməd əl-Şəraa — yəni keçmişdə “əl-Colani”nin tutulması üçün 10 milyon dollarlıq mükafat təyin etmişdi. Daha sonra ABŞ Dəməşqdə aparılan danışıqlardan sonra Suriyanın yeni liderinin tutulması üçün qoyduğu 10 milyon dollarlıq mükafatı ləğv etdi.

Əhməd əl-Şəraanın beynəlxalq səhnəyə yüksəlişi hakimiyyət dəhlizlərindən deyil, müharibə səngərlərindən başlayıb. İraq müharibəsinin qızğın çağlarında o, ABŞ qüvvələrinə qarşı vuruşan cihadçı qrupların tərkibində, “Əbu Məhəmməd əl-Colani” ləqəbi ilə döyüşüb. ABŞ qüvvələri tərəfindən tutulub və illərlə həbsxanada saxlanıldıqdan sonra, o, Suriyada üsyançıların ön cəbhəsində – “Hayat Təhrir əş-Şam”ın (HTŞ) liderlərindən biri kimi yenidən üzə çıxıb.

Görüşdən sonra ABŞ Prezidenti əl-Şəraanı tərifləməkdən çəkinməyib. “Air Force One”da jurnalistlərin suallarını cavablandıran Tramp onun haqqında belə deyib:

“Gənc, cəlbedici, sərt biridir. Güclü keçmişi var — döyüşçüdür. Düşünürəm ki, ölkəni bir arada saxlamaq üçün real şansı var. Möhtəşəm biridir”.

Tramp əlavə edib ki, ABŞ hazırda Suriyanın yeni hökuməti ilə münasibətlərin normallaşdırılmasını araşdırır:

“Sanksiyaların dayandırılması ilə bağlı göstəriş verirəm ki, onlara yenidən başlamaq şansı verilsin,” – deyə ABŞ Prezidenti vurğulayıb.

Bu dramatik dönüş beynəlxalq münasibətlərdə və ABŞ-nin Yaxın Şərq siyasətində yeni və mübahisəli mərhələnin başladığını göstərir.

Ana səhifəDünyaABŞ və Suriya liderləri 25 ildən sonra ilk dəfə görüşüblər