ABŞ və Ermənistan Azərbaycan–Naxçıvan əlaqəsini Ermənistan ərazisindən təmin etməyi nəzərdə tutan, ABŞ-nin nəzarətində olacaq tranzit dəhlizinin əsas detallarını açıqlayıblar.
Saziş Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında yanvarın 13-də keçirilən danışıqlardan sonra ictimaiyyətə təqdim olunub.
Sənəd rəsmi şəkildə təsdiqləyir ki, Yerevan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlanacaq dəhliz üzrə uzunmüddətli, eksklüziv hüquqları ABŞ hökumətinin nəzarətində olan xüsusi bir şirkətə verəcək.
Rubio ilə Mirzoyan arasında keçirilən danışıqlardan sonra açıqlanan TRIPP üzrə “icra çərçivəsi”nə əsasən, ABŞ–Ermənistan birgə şirkəti tranzit dəhlizi boyunca dəmir yolu, avtomobil yolu, enerji təchizatı xətləri və digər infrastruktur obyektlərini inşa edəcək, həmçinin ən azı 49 il müddətinə onları idarə edəcək və əldə olunan gəlirləri toplayacaq.
“Ermənistan TRIPP İnkişaf Şirkətində ABŞ-yə 74 faiz pay təklif etməyi və özündə 26 faiz pay saxlamağı nəzərdə tutur. Sazişin əlavə 50 il müddətinə uzadılması gözlənilir və bu halda Ermənistan hökumətinə əlavə səhmlər verilərək onun payı 49 faizə çatdırılacağı qeyd olunur”, – sənəddə qeyd olunur.
Vurğulanır ki, TRIPP vasitəsilə həyata keçirilən ticarət və tranzit üzrə sərhəd və gömrük nəzarəti tam şəkildə Ermənistanın səlahiyyətində qalacaq: “Ermənistanın sərhəd və gömrük əməliyyatları üzərində suverenliyi mütləqdir və müzakirə mövzusu deyil”.
Tranzit üzrə texniki və xidmət funksiyaları özəl operatorlara həvalə edilsə də, sərhəd və gömrüklə bağlı bütün əsas qərarlar Ermənistan dövlətinin səlahiyyətində qalacağı qeyd olunur. Ermənistan rəsmiləri sərhəd məntəqələrində fiziki olaraq iştirak edəcək, gömrük rəsmiləşdirilməsini və immiqrasiya nəzarətini həyata keçirəcəklər.
Rubio Mirzoyanı Dövlət Departamentində qarşıladıqdan dərhal sonra mətbuata verdiyi qısa açıqlamada da oxşar təminatlar verib.
“Bir tərəfdən, [TRIPP] Ermənistanı biznes üçün açır və onun iqtisadi cəhətdən inkişaf etməsinə imkan yaradır, lakin bu, Ermənistanın suverenliyinə heç bir şəkildə xələl gətirmir. Burada suverenliklə bağlı heç bir problem yoxdur, bu layihə onların suverenliyinə hörmətlə yanaşır”, – Rubio deyib.
Razılaşma 2025-ci il avqustun 8-də Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın Ağ evdə ev sahibliyi etdiyi görüş zamanı əldə olunub. Görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər. Üç liderin imzaladığı birgə bəyanatda qeyd olunur ki, Ermənistan Sünik vilayəti vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında maneəsiz əlaqəni təmin edəcək.
Azərbaycanın bu marşrut boyunca insanlar və yüklərin Ermənistan sərhəd yoxlamalarından azad olunmasını tələb edirdi. Paşinyan isə ötən ilin sentyabrında bildirirdi ki, erməni zabitləri ilə azərbaycanlı səyahətçilərin fiziki təmasının olmaması üçün müasir texnologiyalardan istifadə olunacaq.
Sənəddə deyilir ki, sərhəd sənədləri elektron qaydada yoxlanacaq və prosedurlar həm şəxslərə, həm nəqliyyat vasitələrinə, həm də yüklərə tətbiq olunacaq. Bu, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında hərəkət edənlər üçün də keçərlidir. Lakin sənəd bu mexanizmlərin detalları barədə əlavə izahat vermir.
Prezident İlham Əliyev ötən həftə bildirib ki, TRIPP elə Azərbaycanın 2020-ci ildə Qarabağ müharibəsindən bəri tələb etdiyi “Zəngəzur dəhlizi”nə bənzəyir:
“Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir”.
Tranzit dəhlizi Ermənistanın İranla olan həyati əhəmiyyətli sərhədi boyunca uzanacaq. Tehran bu marşrutun Ermənistan–İran sərhədini ciddi risk altına sala biləcəyindən və orada ABŞ təhlükəsizlik mövcudluğuna yol aça biləcəyindən ehtiyat edir. Ermənistan müxalifətinin nümayəndələri də bildirirlər ki, TRIPP Sünik bölgəsi üzərində Ermənistanın nəzarətini zəiflədə bilər.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 14-də mətbuat konfransında deyib ki, “TRIPP Development” şirkətində pay bölgüsü investisiyaların həcmi ilə müəyyən olunur. Onun sözlərinə görə, ABŞ böyük maliyyə və siyasi investisiyalar qoymağı planlaşdırır, Ermənistan isə, əsasən, tikinti hüquqlarını təmin edir. XIN rəhbərinin dediyinə görə, söhbət növbəti 49 ildən gedir, zamanla, investisiyaların gəlirliliyi artdıqca, payların nisbəti praktiki bərabər olacaq.