ABŞ Ukraynaya 2,3 milyard dollarlıq silah paketi elan edəcək

ABŞ-Ukrayna. Foto: Reuters

“Ukraynanın NATO üzvlüyünə körpü yaratmaq üçün addımlar atacağıq”

ABŞ-nin müdafiə naziri Lloyd Ostin iyulun 2-də Pentaqonda ukraynalı həmkarı ilə görüşündə deyib ki, Birləşmiş Ştatlar tezliklə Ukraynaya 2,3 milyard dollardan çox yeni təhlükəsizlik yardımı elan edəcək.

Ostin Rusiyanın tammiqyaslı işğalından iki ildən çox vaxt keçdikdən sonra Ukraynanın NATO-ya üzv olmaq istəklərinə də işarə edib. O, gələn həftə Vaşinqtonda keçiriləcək NATO sammitinə toxunaraq, “Ukraynanın NATO üzvlüyünə körpü yaratmaq üçün addımlar atacağıq” deyib, lakin ətraflı məlumat verməyib.

Ukrayna rəsmiləri aylardır müttəfiqlərini Rusiyanın raket və dron hücumlarından qoruna bilmək üçün onları daha çox hava hücumundan müdafiə sistemi təchiz etməyə çağırır.
Austin bildirib ki, Ukrayna üçün ən son silah paketinə tank əleyhinə silahlar və hava hücumundan müdafiə vasitələri daxil olacaq.

Ostin Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşə girməzdən əvvəl deyib: “Mən fəxr edirəm ki, Birləşmiş Ştatlar tezliklə Ukraynaya 2,3 milyard dollardan çox yeni təhlükəsizlik yardımı elan edəcək”.

Ostin bildirib ki, ABŞ Prezidentinin ixtisar səlahiyyəti altında olan bu paket ABŞ inventarlarından daha çox hava hücumundan müdafiə vasitələri, tank əleyhinə silahlar və digər kritik döyüş sursatlarını təmin edəcək.

Birləşmiş Ştatlar 2022-ci ildən bəri Ukraynaya 50 milyard dollardan çox hərbi yardım edib, lakin Donald Tramp noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələrsə, ABŞ-nin Kiyevə dəstəyinin gələcəyi ilə bağlı narahatlıqlar var.

Trampın iki əsas müşaviri ona seçiləcəyi təqdirdə Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq planını təqdim edib.

Təklif ABŞ-nin müharibə ilə bağlı mövqeyində böyük dəyişikliyə səbəb olacaq və avropalı müttəfiqlərin, Trampın öz Respublikaçılar Partiyasının müqaviməti ilə üzləşəcək.

Ostinlə görüşdə Umerov Ukraynanın NATO-ya üzv olmağı səbirsizliklə gözlədiyini bildirib:

“Ümid edirəm ki, tezliklə Ukrayna öz dəvətini alacaq”.

Umerov daha sonra “Telegram” mesajlaşma proqramında yazdığı şərhlərdə yeni yardıma görə təşəkkürünü bildirib.

“Ukraynanın mümkün qədər tez və daha çox hava hücumundan müdafiə sistemi alması üçün işlər davam edir” , deyib.

Ana səhifəDünyaABŞ Ukraynaya 2,3 milyard dollarlıq silah paketi elan edəcək