Ekspertlər hesab edirlər ki, ABŞ-ın mövqeyində haqlı məqamlar var…
ABŞ oktyabrın 23-də Tehranda “3+3” formatında keçirilən görüşü alqışlayıb.
Dövlət Departamentinin rəsmisi Metyu Miller keçirdiyi brifinqdə bildirib ki, Ermənistanın və Azərbaycanın iştirakı ilə baş tutan dinc tədbirləri alqışlayır, ancaq İran və Rusiyanı etibarlı tərəfdaşlar hesab etmirlər.
Məlumatı “Turan” yayıb.
Metyu Miller hesab edir ki, onlar bu danışıqların harada getməsindən və kimin aparmasından asılı olmayaraq, Cənubi Qafqaz xalqlarının sülh və sabitliyinə töhfə verən istənilən ədalətli tədbiri alqışlayırlar.
“Eyni zamanda, biz Cənubi Qafqazın İran və Rusiyaya yaxın coğrafi mövqeyini bililik, lakin bu ölkələrdə etibarlı tərəfdaşlar tapmamışıq”.
Dünən İran İslam Respublikasının paytaxtında “3+3” formatında keçirilən tədbirə Gürcüstan istisna olmaqla, Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirləri qatılmışdı.
Tehran görüşünün nəticələrinə dair nazirlərin birgə bəyanatında münaqişələrin BMT Nizamnaməsi əsasında sülh yolu ilə həlli, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət, tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək, təhdid və ya güc tətbiqinin qadağan edilməsi və insan haqlarına hörmətlə yanaşmağın vacibliyi vurğulanıb.
“Ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, nazirlər münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər”, – deyə bəyanatda bildirilir.
Sənəddə, həmçinin regionun ən mühüm məsələlərinin müzakirə edildiyi, ölkələr arasında konstruktiv dialoq imkanlarının yaradılması və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında “3+3” Məşvərətçi Regional Platforması kimi platformaların əhəmiyyəti qeyd olunub.
Deputat Arzu Nağıyev “3+3” formatını iqtisadi-siyasi, hərbi və münaqişələrin qarşısının alınması baxımından ən yaxşı platformalardan biri hesab edir. Bu barədə Meydan TV-yə danışan Arzu Nağıyev deyib ki, məhz Tehran görüşündə də bu məsələlərin çözülməsi müsbət hal kimi dəyərləndirilməlidir.
Metyu Millerin açıqlamasına gəlincə, deputatın sözlərinə görə, ABŞ İran və Rusiyayla tərəfdaş olmadığından bu cür mövqe göstərməsi adi haldır:
“Lakin ümumən ABŞ və Avropa İttifaqı da başa düşməlidir ki, regionda sülhün bərqərar olması üçün “3+3″ formatına böyük ehtiyac var”.
Arzu Nağıyev Gürcüstanın Tehran görüşünə, ümumən “3+3” platformasına qatılmamasını belə şərh edib:
“Bu, Rusiya-Gürcüstan problemlərindən doğur, amma iki dövlət arasında müəyyən danışıqlar və irəliləyişlər var. Düşünürəm ki, gələn görüşlərdə Rəsmi Tbilisinin bu platformaya qatılacağını görəcəyik”.
Azərbaycanın İran İslam Respublikasında sabiq səfiri, professor Nəsib Nəsibli Meydan TV-yə açıqlamasında ABŞ Dövlət Departamentinin mövqeyini haqlı sayıb. Nəsib Nəsiblinin sözlərinə görə, Vaşinqtonun Tehran və Moskvaya etibarının və etimadının olmamasının nümunəsi regiondakı son hadisələrdir:
“Əvvəla, son 10 ildə Vaşinqton-Tehran münasibətləri ABŞ-ın İrana yanaşmasının haqlı olduğunu göstərir. İkinci də Ukrayna savaşından sonra eyni münasibət Rusiyaya da şamil edilib. Bu mənada Moskva və Tehranın sülh yaratma missiyasına etibar qalmır”.
Ancaq sabiq səfir “3+3” formatının əleyhinə olmadığını da vurğulayıb:
“Bu formatın gələcəyi olmalıdır. Gürcüstan qatılmadı, o zaman “3+3” yox, “3+2″ formatı ola bilər. Məsələ ondadır ki, region dövlətləri daxilində belə formatların olması normaldır”.
Nəsib Nəsibli deyir ki, regionda Qərblə Rusiyanın siyasi yarışda olması Azərbaycanın maraqlarına cavab verir:
“Əvvəllər Rusiya təktərəfli şəkildə regionda hegemon rol oynayırdı və bunu məqsədləri üçün istifadə edirdi. İndi Qərb də oyuna daxil oldu və sözdə yox, əməldə marağının olduğunu göstərdi. Nəticədə rəsmi Bakı üçün əlverişli şərait yaratdı”.
“3+3” formatında məsləhətləşmələr Cənubi Qafqazın üç ölkəsinin – Azərbaycan, Ermənistan və Gürcüstanın, eləcə də bu regionun ən yaxın üç qonşusunun – Rusiya, İran və Türkiyənin iştirakını nəzərdə tutur.
Formatın ilk iclası 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib, Gürcüstan iclasda iştirakdan imtina edib.