ABŞ təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yardım təklif edir

ABŞ-Azərbaycan. Foto: Den Rozhnovsky/shutterstock

ABŞ “təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edən bəzi əlamətləri” qiymətləndirir

ABŞ Azərbaycan və Qazaxıstana sərnişin təyyarəsinin qəza səbəblərini araşdırmaqda yardım təklif edib.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

“Biz təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalını göstərən bəzi ilkin əlamətlər gördük. Hazırda araşdırma aparılır. Qazaxıstan və Azərbaycan bunu birgə aparır. Biz bu araşdırmada öz köməyimizi təklif etmişik. Bayden baş verənlərlə bağlı ətraflı məlumatlandırılıb. O, əmin olmaq istəyirdi ki, komandamız Azərbaycan hökumətinə araşdırma zamanı lazım gələrsə, yardım göstərməyə hazır olduğumuzu açıq şəkildə bildirək”, – Kirbi deyib.

Kirbi ABŞ-nin təyyarə qəzası ilə bağlı real kəşfiyyat məlumatlarınını olduğunu təsdiqləyərək təfərrüat verməyib.

Ağ Ev rəsmisi bildirib ki, Prezident Co Bayden Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyətlə və baş verənlər barədə məlumatlandırılır.

Kirbi həmçinin, ABŞ-nin “təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edən bəzi əlamətləri” qiymətləndirdiyini də təsdiqləyib.

Daha öncə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirmişdi ki, Birləşmiş Ştatlar Qazaxıstan və Azərbaycan hakimiyyət orqanlarına lazımi yardımı göstərməyə hazırdır.

Dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Dekabrın 27-də AZAL təyyarənin qəzaya uğramasına səbəb kimi fiziki və texniki xarici müdaxilənin olduğunu təsdiqləyib.

Ana səhifəSiyasətABŞ təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yardım təklif edir