ABŞ senatoru Azərbaycana təhlükəsizlik yardımını qadağan edən qanun layihəsi hazırlayıb

ABŞ Senatı. Foto: rarrarorro/shutterstock

Piters həmçinin bəzi Azərbaycan hökumət rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağıran qanunvericiliyə də qoşulub

ABŞ senatoru Qari Piters ölkəsinin Azərbaycana təhlükəsizlik yardımı göstərməsini qadağan edən qanun layihəsi verib.

Senator bildirib ki, bu, ABŞ-ın Azərbaycanın ermənilərə qarşı təhqiredici addım atmayacağına əmin olmasına qədər davam etməlidir.

Qanun layihəsinin təqdim olunmasının səbəblərinə gəlincə, Piters bildirib ki, bu addımı Bakının Dağlıq Qarabağda etnik ermənilərə qarşı davam edən hücumlarına cavab olaraq atıb. Sentyabrın sonunda ABŞ senatoru Ermənistan tərəfdən Ermənistan-Azərbaycan sərhədində olub. Laçın dəhlizi yaxınlığına səfər edib.

“Azərbaycan hökuməti Ermənistan və Dağlıq Qarabağ xalqına qarşı amansız hücumlar həyata keçirmək üçün öz hərbi resurslarından istifadə edə biləcəyini və istifadə edəcəyini açıq şəkildə bəyan edib”, – senator qeyd edib.

“Birləşmiş Ştatlar Azərbaycanın erməni xalqına qarşı zorakılığında şərik ola bilməz. Biz bu qanunu qəbul etməliyik ki, Azərbaycan regionda təcavüzünü dayandırana qədər Amerikanın Azərbaycana əlavə yardımını əngəlləsin”, – ABŞ senatoru əlavə edib.

Qari Piters. Foto: “hsgac.senate.gov”

Piters həmçinin ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentlərini hərbi hücumlar və Dağlıq Qarabağın blokadasına görə bəzi Azərbaycan hökumət rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağıran qanunvericiliyə də qoşulub.

Ermənistan tərəf iddia edir ki, Qarabağdan Ermənistana 100 mindən artıq insan gəlib. Azərbaycan isə bu yöndəki açıqlamalarında reinteqrasiya üçün müraciət edənlər olduğunu bildirib.

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.

Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içində 14 nəfər həyatını itirib. Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub. Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb. Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal anti-terror tədbirlərinə başladığını elan edib. Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.

Bu əməliyyatdan sonra separatçı “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “dövlət naziri” Ruben Vardanyan, keçmiş “müdafiə naziri” Lyova Mnatsakanyan, “müdafiə nazirinin müavini” Davit Manukyan, keçmiş “xarici işlər naziri” Davit Babayan Azərbaycan hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Ermənistan tərəf yüksək rütbəli hərbçilərin həbsi ilə bağlı hələlik açıqlama verməyib.

“Dağlıq Qarabağ Respublikası”nın (DQR) keçmiş rəhbərləri Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın Xankəndini tərk etmədikləri bildirilir. Bu barədə oktyabrın 2-də Rusiyanın rəsmi dövlət agentliyi SİTA məlumat yayıb. Məlumatda həmin şəxslərlə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparıldığı qeyd olunub:

“Moskva vaxtı ilə saat 11:00-a olan məlumata görə, hər üç keçmiş lider Stepanakertdədir (Xankəndi). Hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparılır”.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.

Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib.

Ana səhifəSiyasətABŞ senatoru Azərbaycana təhlükəsizlik yardımını qadağan edən qanun layihəsi hazırlayıb