ABŞ senatoru Azərbaycanda həbsdə olan media nümayəndələrinə məktublar göndərib

ABŞ Senatı. Foto: rarrarorro/shutterstock

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin aparıcı üzvü, senator Cenn Şahin (Jeanne Shaheen) Azərbaycanda həbsdə olan üç media nümayəndəsinə — Ələsgər Məmmədli, Fərid Mehralızadəyə məktublar göndərib. Bundan öncə isə onun Amerikanın Səsi radiosunun keçmiş müxbiri, “Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Ülviyyə Əliyə (Quliyeva) məktubu dərc edilmişdi.   

Senator məktublarında bu şəxslərin azad edilməsini ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələyə keçid üçün vacib şərt adlandırıb və onların fəaliyyətini yüksək qiymətləndirib.

Şahin bildirib ki, bu məktublar Ermənistan-Azərbaycan sülh prosesində son irəliləyişlər fonunda Vaşinqton və Bakının əməkdaşlığının dərinləşdirilməsi məqsədi daşıyır. O vurğulayıb ki, siyasi motivlərlə həbsdə olan şəxslərin azadlığa buraxılması olmadan bu əməkdaşlıq tam reallaşa bilməz.

“Ancaq haqsız həbs olunmuş şəxslərin, o cümlədən Fərid, Ülviyyə və Ələsgərin azadlığa buraxılması, onların ailə üzvlərinin, məsələn, Nərgiz Muxtarovanın hədəfə alınmasının dayandırılması da bu mərhələyə daxil olmalıdır. Yeganə “cinayət”i ABŞ ilə əməkdaşlıq olan bu şəxslərin təqib olunması bu tərəfdaşlığın ruhuna uyğun deyil. Konqres Strateji tərəfdaşlıq haqqında yeni Anlaşma Memorandumunun gerçəkləşdirilməsində mühüm rol oynayacaq. Bu prosesi dəstəkləməyə hazıram. Amma bir çox həmkarım və mən insan hüquqları sahəsində real irəliləyiş görmək istəyirik. Həm birgə rifahımızı, həm də fundamental azadlıqlara dair ortaq öhdəliyimizi necə irəli aparacağımız barədə Azərbaycan hökuməti ilə davamlı dialoqu səbirsizliklə gözləyirəm”, – senator qeyd edir.

Ələsgər Məmmədliyə məktub: “Sizin karyeranız demokratiyanın əsasını göstərir”

Foto: Meydan TV

Toplum TV-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədliyə göndərilən məktubda senator onun uzun illər azad medianın inkişafı üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

“Karyeranız həqiqətə sadiqliyinizi göstərir. Bu isə demokratiyanın əsas komponentidir. Siz ‘Internews’ və IREX kimi nüfuzlu qurumlarda çalışmısınız və ATƏT kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq etmisiniz”.

Şahin Məmmədlinin səhhətindəki problemlərdən xəbərdar olduğunu qeyd edərək, ona lazımi tibbi yardımın göstəriləcəyinə ümid etdiyini bildirib:

“Ümid edirəm ki, Sizə gərəkli tibbi yardım göstəriləcək və tezliklə sevdiklərinizə qovuşacaqsınız. Mən azadlığınız üçün səsimi qaldırmağa davam edəcəyəm”.

Ələsgər Məmmədli 2024-cü il martın 8-də “Toplum TV işi” çərçivəsində həbs olunub.

“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb. 

Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.

Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar,  sonradan ittihamlar daha da ağırlaşdırılıb.

Hazırda bu işlə bağlı məhkəmə prosesi davam edir. 

Fərid Mehralızadəyə məktub: “Qızınız mübarizənizi qiymətləndirəcək”

Senatorun məktubunda “AbzasMedia işi” üzrə həbs olunmuş AzadlıqRadiosu-nun jurnalisti və iqtisadçı Fərid Mehralızadənin fəaliyyəti xüsusi qeyd olunur. O, Mehralızadənin iqtisadi biliklərini “supergüc” adlandırır və həbsdə olmasına baxmayaraq maarifçilik missiyasını davam etdirməsini yüksək qiymətləndirir:

Foto: Meydan TV

“Deutsche Well’ iqtisadiyyatı izah etmək bacarığınızı supergüc adlandırıb. Amerikanın Səsi jurnalistikaya olan həvəsinizdən, həbsdə vaxtınızı kitab oxumaq və krossvord həll etməklə keçirməyinizdən yazıb. Çətin vaxtlarda belə, haqsız həbsinizdən maksimum faydalanmağınızı alqışlayıram”.

Senator onun ailəsindən uzaq qalmasının ağrılı olduğunu qeyd edib, lakin gələcəkdə qızının bu mübarizəni anlayacağını vurğulayıb:

“Övladınız dünyaya gələndə onun yanında ola bilməməyinizin acısını təsəvvür edə bilmirəm. Amma bilirəm ki, zaman keçdikcə qızınız Azərbaycanda həqiqət uğrunda mübarizənizi qiymətləndirəcək”.

Şahin məktubunda Mehralızadənin azadlığı üçün çalışacağını və bir gün onu ABŞ Senatında şəxsən qarşılamağı arzuladığını bildirib.

Fərid Mehralızadə 2024-cü il iyunun 1-də "AbzasMedia işi" üzrə həbs edilib.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə bu iş üzrə həbs olunmuş AbzasMedianın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.

Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.

2023-cü ilin noyabrından etibarən Azərbaycanda 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub.

Yerli hüquq müdafiə təşkilatlarının məlumatına görə, ölkə həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.

Rəsmilər isə bütün həbslərin qanuni əsaslarla aparıldığını iddia edirlər.

Ana səhifəSiyasətABŞ senatoru Azərbaycanda həbsdə olan media nümayəndələrinə məktublar göndərib