“Qubad İbadoğlunun vəziyyəti pisdir, səhhətində problemlər var”
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu azad etməyə çağırıb.
Bildirilib ki, Qubad İbadoğlunun vəziyyəti pisdir, səhhətində problemlər var. Odur ki, tez bir zamandan onun azad edilməsinə nail olmaq lazımdır.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Kardin də “X” platformasındakı hesabında iqtisadçı Qubad İbadoğlunun səhhətindən yazıb.
“Saxlanma yerində şərait dəhşətlidir”, – Qubad İbadoğlu kameradan öz ailəsinə yazıb. Həmçinin deyib ki, həbsxanada onun həyatını xilas etmək üçün təcili tədbirlər görülməlidir.
Həmçinin Ben Kardin beynəlxalq birliyi dəstəklədiyini söyləyib və Azərbaycan Prezidenti İlham Əliyevi Qubad İbadoğlunu azad etməyə çağırıb.
Qubad İbadoğlunun qardaşı Qalib Bayramov da onun səhhətinin yaxşı olmadığı, yüksək şəkər səbəbindən gözlərinin zəiflədiyi ilə bağlı açıqlama yayıb.
Bildirib ki, Azərbaycan hakimiyyətinin Qubad İbadoğlunun səhhəti ilə bağlı ailəsinə, beynəlxalq ictimaiyyətə söylədikləri həqiqəti əks etdirmir.
İqtisadçı Qubad İbadoğlu Azərbaycanda iyulun 24-də saxlanıb. Barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib, sonradan həbs müddəti artırılıb. Ona qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.