“Senatın xarici əlaqələr üzrə Komitəsi Robert Sekyutanın Azərbaycanda yeni səfir postuna namizədliyini dəstəkləmək niyyətindədir”
Dekabrın 4-də ABŞ Senatında Azərbaycanda yeni səfirin namizədliyinin təsdiqlənməsi məsələsi üzrə dinləmələr keçiriləcək. Bu barədə “Trend İA” Senatın saytına istinadən məlumat verir.
Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyini irəli sürüb.
Səfirin namizədliyi bundan əvvəl ABŞ Senatının Xarici əlaqələr komitəsində müzakirə olunub.
Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.
Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. O, bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.
Almaniyada iqtisadi müşavir-səfir kimi Sekutanın işi terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Kabildəki səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.
ABŞ Senatının xarici əlaqələr üzrə Komitəsi Robert Sekyutanın Azərbaycanda yeni səfir postuna namizədliyini dəstəkləmək niyyətindədir.
Bu barədə ABŞ paytaxtındakı rəsmi mənbə “Turan İA”-ın Vaşinqton müxbirinə bildirib.
Komitədə səsvermə əsas sayılır. Bundan sonra Senatın ümumi iclasında səsvermə formal olur. Faktiki olaraq Komitədə təsdiqlənmə səfirin Azərbaycandakı diplomatik missiyasının rəhbəri postuna tutmasına imkan verir.
Xatırladaq ki, Sekyutanın prezident Obama tərəfindən təyinatı bu ilin iyulunda baş tutub. Bundan əvvəl o, dövlət katibinin energetika məsələləri üzrə köməkçisinin müavini olub.
ABŞ-ın Azərbaycandakı səfiri postu vakantdır. Bundan əvvəlki səfir Riçard Morninqstar səlahiyyət müddəti başa çatdıqdan sonra ABŞ-a qayıdıb.
Məlumatda deyilir ki, Xarici əlaqələr komitəsində Makedoniya, Monteneqro və Ermənistanda yeni səfir vəzifələrinə namizədlərin təsdiqlənməsi üzrə dinləmələr də keçiriləcək.