“Azərbaycanda insan hüquqlarının pozulmasına görə cavabdeh olanlar ən azı maliyyə, səyyar sanksiyalara məruz qalmalıdır”
Oktyabrın 28-də ABŞ Senatında Azərbaycanda insan hüquqlarının pozulması mövzusunda dinləmələr keçirilib. Dinləmələr Senat üzvləri tərəfindən hüquq müdafiəçiləri və diplomatların köməyilə təşkil edilib. Tədbirin moderatoru ABŞ dövlət katibinin keçmiş müavini Devid Kramer olub.
Bu barədə “Turan İA”-ın Vaşinqton müxbiri məlumat verib.
Həbsdə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara Yunus həbsdə əziyyət çəkən valideynləri ilə bağlı durumdan danışıb.
“Valideynlərim həbsdə işgəncələrə məruz qalırlar. Onlar dəfələrlə təhqir olunub, alçaldılıblar. Onları hüquq-müdafiə fəaliyyətinə görə cəzalandırırlar”, – Dinara bildirib.
“Həbsxanada anamı dəfələrlə döyüblər. Onun psixoloji və fiziki durumuna görə çox qorxuram”, – o vurğulayıb.
“Ümidim yoxdur, qorxuram ki, bir daha valideynlərimi görməyim. Buna görə kim məsuliyyət daşıyır? Kim onları əsassız olaraq həbsə alıb?”, – deyərək beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətini onları dərhal azad etməyə çağırmağa səsləyib.
Milli Demokratiya Fondunun Avrasiya proqramları üzrə direktoru Miriam Lanskoy xatırladıb ki, Yunus cütlüyü uzun illərdir hüquq-müdafiə fəaliyyətinə görə təqiblərə məruz qalıblar. Məhz buna görə 2009-cu ildə Dinara Azərbaycanı tərk etməli olub.
O, insan haqları ilə bağlı onsuz da pis olan vəziyyətin parlament seçkiləri ərəfəsində daha da pisləşdiyini bildirib.
“Azərbaycan hökuməti sizi inandırmaq istəyir ki, ölkədə hər şey yaxşıdır və 1 noyabr seçkiləri azad və ədalətli olacaq. Lakin bu, azad mətbuat olmadan mümkün deyil”, – Freedom House nümayəndəsi Tamara Qriqoryeva bildirib.
“Həqiqət odur ki, Azərbaycanda azad mətbuat yox olmağa doğru gedir. Son ildə hakimiyyət ABŞ-ın maliyyələşdirdiyi “Azadlıq” radiosunun bürosunu bağlayıb. Müstəqil və müxalifət KİV nümayəndələri tez-tez təqib və həbs olunur”, – o qeyd edib və Xədicə İsmayılova, Rauf Mirqədirov, “Meydan”TV, “Azadlıq” qəzeti, “Azərbaycan saatı” proqramı ilə bağlı işləri xatıradıb.
Hakimiyyət fəal blogerləri, sosial şəbəkə fəallarını təqib edir.
Hazırda ən azı 7 bloger həbsdədir. Sonuncu belə hadisə oktyabrın 16-da Tofiq Həsənovla baş verib, o həbs edilib.
“Azadlıq” qəzeti uzun illərdir ki, daimi təzyiq altındadır. Hakimiyyət qəzeti susdurmaq üçün iqtisadi tədbirlərə əl atır. Qəzetə öz nəşrlərini sərbəst satmaq qadağan edilir. Firmaların müxalifət qəzetlərini satması qadağan edilib.
Dövlət yayım firması satılan nüsxələrin pulunu vermir. Eyni zamanda biznesə müxalifət və müstəqil KİV-də reklam vermək qadağan edilib.
“Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır. Lakin əsas insan hüquq və azadlıqlarını, mətbuat azadlığını pozan tərəfdaş etibarlı tərəfdaş ola bilməz”, – ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç bildirib.
“Bakı əvvəlkitək Amerikanın strateji tərəfdaşı olmaq istəyir. Lakin belə olan halda o anlamalıdır ki, strateji tərəfdaşlar ümumi dəyərlərə malik olmalıdır”,
“Bizə deyirlər ki, Azərbaycan mürəkkəb mühutdə yaşayır, onun çətin qonşuları var, odur ki, ABŞ ölkə həbsxanalarında 90 siyasi məhbusun olmasına diqqət verməməlidir.
“Lakin insan hüquqları ilə bağlı problemlər Rusiyanın, İranın və ya ABŞ-ın uğursuzluğundan deyil, onlar Bakı rejimi tərəfindən yaradılıb”, – Kozlariç vurğulayıb.
“Azərbaycanda insan hüquqlarının pozulmasına görə cavabdeh olanlar ən azı maliyyə, səyyar sanksiyalara məruz qalmalıdır”, – o qeyd edib.