Dövlət Katibindən rica edilir ki, sanksiyaların tətbiq olunacağı Azərbaycan rəsmilərini müəyyən etsin
Sentyabrın 7-də ABŞ Senatoru Riçard Durbin Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəliş təqdim edib.
Məlumatı “Amerikanınsesi.org” yayıb. Bildirilir ki, senatorun təqdim etdiyi düzəliş Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edir.
Dövlət Katibindən rica edilir ki, sanksiyaların tətbiq olunacağı Azərbaycan rəsmilərini müəyyən etsin.
Düzəliş 2018-ci büdcə ili üçün Ştat və Xarici Əməliyyatlara dair qanun layihəsinin müzakirəsi əsnasında təqdim olunub və hazırda Vaşinqtonda tam komitə heyəti tərəfindən nəzərdən keçirilir.
İllinois ştatını təmsil edən Demokrat Senator Durbin 1997-ci ildən bəri Senatda xidmət edir.
İnsan haqlarının fəal müdafiəçisi kimi tanınan Senator Durbin Demokrat Partiyasının Konqresdə nüfuzlu qanunvericilərindən biri kimi tanınır.
Mehman Əliyev avqustun 24-də saxlanılıb. Avqustun 25-də ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.
Beynəlxalq təşkilatlar Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıb.
ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsinə çağırıb.