“Səfirliyin əməkdaşları Azərbaycanın bütün bölgələrinə səfərlər ediblər”
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi Şuşaya getməməklə bağlı Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin fikirlərinə reaksiya verib.
Səfirlik Meydan TV-nin sorğusuna cavabında bildirib ki, Vaşinqton davamlı dialoq, o cümlədən yüksək səviyyələrdə, uzunmüddətli və hərtərəfli sülhə kömək etmək üçün mümkün olan hər şeyi edə biləcəyinə inanır:
“Daha əvvəl dediyimiz kimi, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur”.
Bildirilib ki, ABŞ səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər:
“Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir”.
Fransanın Azərbaycandakı səfirliyi Meydan TV-nin sorğusunu alsa da, hələ ki cavablandırmayıb.
Prezidentin köməkçisi Hikmət Hacıyev avqustun 27-də Azərbaycanda akkreditə olunmuş çoxsaylı diplomatların, beynəlxalq təşkilatların əməkdaşlarının Şuşaya təşkil edilmiş səfəri zamanı deyib ki, Fransa və ABŞ-ın səfirləri səfərdə iştirak etmir.
“Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”, – deyə Hacıyev əlavə edib.
İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycan rəsmiləri dəfələrlə Minsk Qrupunun fəaliyyətini tənqid edərək onun fəaliyyətinin bitdiyinə eyham vurublar. Hətta ölkə başçısı İlham Əliyev də qrupun fəaliyyətinin münaqişənin həllində heç bir rolu olmadığını deyib.
Minsk Qrupunun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayıb.
Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.
1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib.
Ardınca Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk Qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul olunub.
Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən ona əvvəlcə Finlandiya ilə Rusiya, 1995-1996-cı illərdə İsveç və Rusiya başçılıq edib.
1997-ci ilin yanvarından ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.
Xatırlatma
Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.
Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.
90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələri sıradan çıxarmaqda günahlandırıb.
2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.