Dünya şahmat birincisi Kasparov qadın şahmatçıların etirazına dəstək verib, Beynəlxalq Şahmat Federasiyası onları İranın qanunlarına hörmət etməyə çağırıb.
Beynəlxalq Şahmat Federasiyasının qadınlar arasında şahmat üzrə dünya çempionatının 2017-ci ildə İranda keçirilməsi ilə bağlı qərarı etirazla qarşılanıb. İran qanunları qadınlardan örtünməyi tələb edir. Bu isə o deməkdir ki, çempionata qatılan əcnəbi qadın şahmatçılar başlarını örtməlidirlər.
ABŞ-ın beynəlxalq dərəcəli şahmat ustası
Nazi Paikidze
deyib ki, Federasiya verdiyi qərara yenidən baxmalıdır.
“Beynəlxalq Şahmat Federasiyasının nizamnaməsində deyilir ki, Federasiya milli, siyasi, irqi, sosial və dini səbəbli diskriminasiyaya etiraz edir, amma çempionatın keçirilməsini İrana həvalə etməklə üzvlərinə verdiyi sözü pozur və onları bütün cəbhələrdə diskriminasiya ilə üz-üzə qoyur”.
Paikidze yazıb ki, pozuntular qadın iştirakçıların geyimi və söz azadlığı ilə bağlıdır: “İran qanunları qadınlardan hicab bağlamağı tələb edir. Buna əməl etməyənlər cərimə və həbslə cəzalandırılırlar. Qadın hüquqları uğrunda mübarizə aparan fəallar həbs olunurlar. Bu məsələ şahmat dünyasının hüdudlarını aşır”.
Paikidze hesab edir ki, çempionat iştirakçılarının hicab bağlaması ilə bağlı seçim onların öz ixtiyarlarına verilməlidir. ABŞ şahmat qrossmeysterinin ”
Change.org
” saytına yerləşdirdiyi bu müraciəti 15 mindən çox şəxs imzalayıb.
Əslən gürcü olan 23 yaşlı Paikidze 18 yaşı tamam olanda ABŞ-a gedib, Baltimorda yerləşən Meryland Universitetinə daxil olub. Nazi Beynəlxalq Şahmat Federasiyasının
top yüzlüyünə
daxil olan fəal şahmat oyunçusudur.
Beynəlxalq Şahmat Federasiyası oktyabrın 2-də etirazlarla bağlı mövqeyini açıqlayıb. Qurumun sözçüsü Anastasiya Karloviç bildirib ki, çempionatın İranda keçirilməsi ilə bağlı qərar 2016-cı ildə Bakıda verilib: “İran çempionata ev sahibliyi etmək üçün namizədliyini verən yeganə ölkə olub. 159 ölkə Federasiyasının nümayəndə heyətinin heç biri İranın namizədliyinə etiraz etməyib. Beləliklə də, İranın təklif etdiyi layihə qəbul olunub”.
Sözçü qeyd edib ki, İran 2007 və 2011-ci illərdə Asiya qadınları çempionatına ev sahibliyi edib, İran Şahmat Federasiyası 2016-ci ilin fevralında Tehranda keçirilən Qrand-pri yarışını uğurla təşkil edib: ” Federasiyaya bu yarışların İranda keçirilməsi ilə bağlı şikayət daxil olmayıb”.
Grand- Pri
yarışmasında iştirak edən Rusiyalı şahmatçı Natalia Paqonina öz rəsmi saytında fotosunu yerləşdirərək yazıb ki, yarış zamanı oyunçulardan başlarını örtmək tələb olunub.
“Yarışda hicab bağlamaq beynəlxalq Şahmat Federasiyasının tələb və qərarlarına daxil deyil. Birləşmiş Krallığın
Xarici İşlər Nazirliyinin
saytında da yazılıb ki, İranın yerli adət-ənənələrinə qanunlarına və insanların inancına hörmətlə yanaşmaq lazımdır, əcnəbilərin davranışları bu ölkənin sakinlərini incitməməlidir”,- deyə Anastasiya Karloviç deyib.
Nazi Federasiyadan soruşub ki, İran qanunları qadının yaxın qohumu və ya həyat yoldaşı olmayan yad kişi ilə bir otaqda olmasını yasaqlayır və beləliklə, o, öz məşqçisi ilə otaqda qalıb məsləhətləşə bilməyəcək.
Onun bu sorğusuna “Ümumi ədəb qaydalarına hörmət etmək lazımdır” cavabı verilib.
Nazi sosial şəbəkədə boykot qərarını şərh edərək yazıb ki, yarış zamanı başını örtsə, İranda qadın azadlıqlarına olan basqılara dəstək vermiş olacaq: “Mən fundamental qadın azadlıqlarının olmadığı, qadınlara ikinci sinif vətəndaş kimi davranılan bir ölkədə qadınlar arasında şahmat çempionatının keçirilməsinin əleyhinəyəm. Bir çox İranlı qadın həyatını riskə ataraq, məcburi tətbiq edilən bu qaydalara qarşı cəsarətlə mübarizə aparır. Buna görə də hicab bağlamayacam. Bu qərarım mənə karyeramın ən önəmli yarışlarından birindən imtina etməyimə başa gəlsə belə “.
Rusiyalı şahmat qrossmeysteri, şahmat üzrə dünya çempionu Harri Kasparov ”
facebook
” səhifəsində Nazi Paikidzeyə dəstək çağırışı edib. O, Beynəlxalq Şahmat Federasiyasını korrupsiyalaşmış qurum adlandırıb.
“Şahmat oynayan qadınları hicab bağlamağa məcbur etmək korrupsiyalaşmış Beynəlxalq Şahmat Federasiyası üçün də utancvericidir. Pulları gəlsin. Qadınların nə düşündüyü Beynəlxalq Şahmat Federasiyasını heç maraqlandırmır da”, – Kasparov bildirib.
Bununla belə, Paikidzenin mövqeyi ilə razılaşmayan İranlı həmkarları da var. 2015-ci ildə Asiya qitəsində keçirilən şahmat çempionatının qalibi, qrossmeyster Mitra Hejazipour Nazinin seçiminə hörmətlə yanaşdığın deyib.
“Başa düşürəm, əcnəbi qadınlara hicab bağlamaq çox çətin görünür, onlar buna öyrəşməyiblər. Nazi xoşlamadığı hər şeyə etiraz edə bilər. Onun buna haqqı var. Amma bu da mənim ölkəmin qanunlarıdır”,- deyə 23 yaşlı Hejazipour Meydan TV-yə deyib.
Hejazipour əlavə edib ki, çempionatın İranda keçirilməsinin müsbət tərəfləri var: “Bu, İranın şahidlik etdiyi ən böyük idman eventi olacaq. Bu yarış İranda yaşayan qadınlar üçün çox önəmlidir. Əcnəbi oyunçular bu yarışa qatılsalar və biz də ev sahibliyi etsək, İranda şahmatın və qadınlar üzrə bu idman növünün inkişafına töhvə vermiş olarıq”.
Mitra Hejazipour 2015-ci ildə Asiya qadınları şahmat çempionatının qalibi olub. O, Nazi Paikidze ilə 2003-cü ildə gənclər arasında şahmat üzrə dünya çempionatında qarşılaşıb. İranı ”
Mehr
” agentliyi yazır ki, həmin yarışmada Mitra Naziyə məğlub olub.
İranda hökumət qadınların geyim qaydalarına ciddi nəzarət edir. Buna etiraz edən qadınlar İranlı fəal Məsih Əlinejad tərəfindən əsası qoyulan ”
Mənim Oğrun Azadlığım
” saytına başı açıq fotolarını yerləşdirməklə hicaba və qadın hüqüqlarına basqılara etirazlarını bildirirlər. Paikidze 30 mindən çox İranlı qadının post yazdığı bu proyektə də dəstəyini ifadə edib.
Paikidze “instagram”da İranlılara xitabən deyib: “Mən anti-islamçı deyiləm. Mən din və seçim etmək azadlığından yanayam. Mən Dünya Şahmat Federasiyasının qərarına İranın dininə görə etiraz etmirəm. Mənim İranlılarla şəxsi münasibətim çox yaxşıdır. Ümid edirəm ki, mən bir gün İrana gedib qadınları tamamilə azad və bərabərhüquqlu görəcəyəm”.
İranın qadın və ailə məsələləri üzrə vitse-perzidenti
Şahindoxt Molaverdi
isə deyib ki, hökumət qadınların örtünməsi siyasətində hədəfindən çox uzaqlaşıb.
“Yeni yollar axtarmalıyıq. Bizim kampaniyamız insanların inanc sistemini hədəfə almalıdır, biz onları örtünməyə məcbur etməməliyik, örtünməyə inandırmalıyıq”, – deyə Şahindoxt Molaverdi deyib.