ABŞ səfirliyi Azərbaycanı “məktəb həyətində dalaşqan uşaqlara” bənzətdi (Yenilənib)

Foto: Meydan TV

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin bu ölkədəki səfirliyinə cavab verib.

XİN sözçüsü Ayxan Hacızadə bildirib ki, ABŞ-nin indiki administrasiyası hər vasitə ilə Azərbaycanla münasibətləri korlamağa çalışır.

Ayxan Hacızadə. Foto: “azertag.az”

O, ABŞ-nin Azərbaycandakı səfirliyinin bütün bu və əvvəlki təxribat xarakterli şərhlərində özünü ifadə azadlığının müdafiəçisi kimi göstərən Amerika tərəfinin media azadlığına qarşı dözümsüzlüyünə təəccübləndiyini bildirib.

“Aydındır ki, ABŞ-nin hazırkı administrasiyası uydurma və mifik bəyanatlara əsaslanaraq, hər cür yolla öz xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirməyə çalışır”, – Ayxan Hacızadə qeyd edib.


“Bu, diqqəti Azərbaycanda 300-sən artıq siyasi məhbusun əsassız həbsindən yayındıra bilməz”

ABŞ-nin Azərbaycandakı Səfirliyi bu ölkəni yenidən qeyri-diplomatik ifadələrdən istifadə edərək antiazərbaycan siyasətində ittiham edən “Həftə” proqramına cavab verib.

“Son vaxtlar uydurma ABŞ xoxanlarına qarşı məktəb həyətindəki dalaşqanlara xas sözlər işlədilir. Bu ayın “ən məşhur”ları AZTV-nin “Həftə” verilişinin “açıq şantaj” və “namərdlik” sözləri oldu. Yaxşı cəhddir, ancaq bu, diqqəti Azərbaycanda 300 nəfərdən artıq siyasi məhbusun əsassız ittihamlarla həbsdə olmasından və onların bayramlarını ailələrindən uzaqda keçirmələrindən yayındıra bilməyəcək”, – bəyanatda deyilir.

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi 2024-cü il sentyabrın 23-dən dekabrın 12-dək Azərbaycandakı siyasi məhbusların sayının 17 nəfər artaraq 331 nəfərə çatdığını bildirib.

Yeni həbs edilənlərin əksəriyyəti Meydan TV-nin əməkdaşları, digər media işçiləri, hüquq müdafiəçisi Rüfət Səfərov, politoloq Azər Qasımlı və inanclılardır.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Cəbrayılzadə (Deko), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

2023-cü ilin noyabrından Azərbaycanda onlarla jurnalist və ictimai şəxs “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və onların dərhal azadlığa buraxılmasına çağırır.

Ana səhifəSiyasətABŞ səfirliyi Azərbaycanı “məktəb həyətində dalaşqan uşaqlara” bənzətdi (Yenilənib)