ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

“Bu sanksiyalar Rusiyanın müharibə aparmaq və əvvəlki sanksiyalardan yan keçmək bacarığını daha da məhdudlaşdıracaq”

Co Bayden administrasiyası gediş ərəfəsində Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirir.

Maliyyə, energetika və müdafiə sektorlarından 100-ə yaxın təşkilat yenidən ABŞ Maliyyə Nazirliyinin siyahısına daxil ediləcək.

“Bu sanksiyalar Rusiyanın müharibə aparmaq və əvvəlki sanksiyalardan yan keçmək bacarığını daha da məhdudlaşdıracaq”, – ABŞ-nin dövlət katibi Entoni Blinken deyib.

Blinken qeyd edib ki, əlavə sanksiyalar “Rosatom” Dövlət Atom Enerjisi Korporasiyasının törəmə şirkətlərinə yönəlib.

“Sanksiya rejiminin gücləndirilməsi həmçinin Konqresin vəziyyətə nəzarət etməsinə və onların ləğvinə dair istənilən cəhdin qarşısını almasına imkan verəcək”, – ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

Yeni səlahiyyətlər qanunvericilərə Rusiyanın hərbi-sənaye potensialına qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı Tramp administrasiyasının cəhdlərinin qarşısını almağa imkan verəcək.

“Hesab edirik ki, tətbiq etdiyimiz sanksiyalar Rusiyanın iqtisadiyyatına effektiv şəkildə ziyan vurub, onun öz hərbi maşınını maliyyələşdirmək qabiliyyətini məhdudlaşdırıb. Onların qüvvədə qalacağına ümid edirik. Ancaq bu qərar növbəti administrasiya üçündür”, – Miller deyib.

ABŞ Maliyyə Nazirliyi Qırğızıstanın “Keremet Bank”ına qarşı yeni sanksiyalar elan edib və onun “Rusiya oliqarxı və Rusiya hökuməti ilə sıx əlaqədə olduğunu” bildirib.

Rusiya 2022-cil il fevarlın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Yüzlərlə rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir