ABŞ Rusiyanın Kiyevə hücumundan bir gün sonra Ukraynaya 3350 uzunmənzilli raketin satışını təsdiqləyib

Rusiya – Ukrayna savaşı. Foto: Meydan TV

ABŞ Rusiyanın Kiyevə kütləvi hücumundan bir gün sonra, avqustun 29-da Ukraynaya 3350 ədəd (ERAM) uzunmənzilli raket satıb.

Avqustun 28-da dron və ballistik raketlərlə kütləvi hava hücumları edib. Bu günə olan son məlumata görə, ölənlərin sayı 23-ə çatıb, onlardan dördü uşaqdır. 52 nəfərin isə yaralandığı qeyd olunur. Bu, iyulun 31-dən bəri Ukrayna paytaxtına edilən ən böyük hücumdur, həmin vaxt 30-dan çox insan həlak olmuşdu.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, bu hücumlar “həftələrlə və aylarla atəşkəs və real diplomatiya çağırışı edən dünya ictimaiyyətinə açıq cavabdır”.

Ağ ev bildirib ki, Tramp Rusiyanın Ukrayna paytaxtına endirdiyi zərbələrdən narazıdır. Ağ evin mətbuat katibi Kerolayn Levitt mətbuat brifinqində “O, [prezident Donald Tramp] bu xəbərdən məyusdur, həm də buna təəccüblənməyib. Bunlar çox uzun müddətdir müharibə şəraitində olan iki ölkədir”, – deyib.

Pentaqonun Hərbi Əməkdaşlıq İdarəsinin məlumatına görə, ümumi dəyəri 825 milyon dollar olan raketlər və əlavə avadanlıqlar, Danimarka, Niderland və Norveçin vəsaitləri, eləcə də ABŞ-nin xarici hərbi maliyyələşdirməsi hesabına ödəniləcək.

“Bu, Ukraynanın mövcud və gələcək təhdidlərə qarşı müqavimət qabiliyyətini artıracaq, onu əlavə vasitələrlə silahlandıraraq özünü müdafiə və regional təhlükəsizliyin təminatı missiyalarını yerinə yetirməsinə imkan verəcək”, – qurumun məlumatında deyilir.

ERAM raketlərinin satışı, ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukraynaya yeni silah satışını təsdiqlədiyi ilk böyük müqavilədir. Bu raketlərin uçuş məsafəsi 240-dan 450 kilometrədəkdir.

Pentaqon bu barədə rəsmi açıqlamanı ABŞ-nin son diplomatik səyləri nəticə vermədikdən sonra, avqustun 27-də Rusiya Kiyevə növbəti kütləvi zərbələri endirəndən sonra verib, – CNN qeyd edir.

Donald Tramp prezindentliyə namizədliyi  dövründə bildirmişdi ki, bu posta seçiləndən 24 saat ərzində Rusiya-Ukrayna müharibəsinə son qoyacaq. Bu müddət ərzində dəfələrlə Rusiya ilə danışıqlar aparılsa da, nəticəsiz olub. 

Rusiya 2022-ci ilin fevralından Ukraynaya qarşı hərbi əməliyyatlar keçirir.

Ana səhifəXəbərlərABŞ Rusiyanın Kiyevə hücumundan bir gün sonra Ukraynaya 3350 uzunmənzilli raketin satışını təsdiqləyib