O, ABŞ-ın barışdırıcı yox, vasitəçi olduğunu bildirib
ABŞ-ın Qafqazdakı xüsusi nümayəndəsi Luis Bono Dövlət katibi Entoni Blinkenin xahişi ilə regiona səfər edib.
Bunu Luis Bono martın 6-da Bakıda keçirdiyi brifinqdə deyib.
Məlumatı “Turan” yayıb.
“Əgər Bakı və Yerevan nümayəndələrinin görüşlərindən və razılaşmalarından sonra təxribatlar və atəşkəsin pozulması baş verirsə, ABŞ sülh prosesinin saxlanması üçün nə edə bilər?” sualına L.Bono cavab verib ki, ABŞ barışdırıcı yox, vasitəçi rolunda çıxış edir.
Onun sözlərinə görə, sülh prosesinin davamlı olması üçün tərəflərin özləri bunu istəməlidir:
“Bu, ABŞ-dan və ya başqa kimdənsə yox, tərəflərin özlərindən gəlməlidir. Bizim vəzifəmiz tərəfləri bir-birilə danışmağa sövq etmək, təkliflər vermək və onlarla mübadilə etməkdir“.
O, “Azərbaycan və Ermənistan nümayəndələrinin Brüssel görüşü nə vaxt ola bilər” sualına cavab verməkdə çətinlik çəkib və bu barədə Avropa İttifaqının nümayəndələrinə müraciət ünvanlamağı təklif edib.
“Turan” agentliyinin “Sirr deyil ki, bu gün regionda əsas rolu Rusiya oynayır, Azərbaycan isə Minsk Qrupunun “öldüyünü” bəyan edib. Belə olan halda ABŞ vəziyyəti dəyişdirmək üçün nə edə bilər, planı varmı” sualına L.Bono belə cavab verib:
“Mən prezident Əliyevin Minsk Qrupu haqqında fikrini bilirəm. Məncə, tərəfləri masa arxasında oturtmaq lazımdır, vacib deyil Minsk Qrupu çərçivəsində, yaxud başqa yerdə. Təəssüf ki, hazırda Minsk Qrupunun üzvlərindən biri onun işində iştirak etmir. Mən bu məsələləri bu gün Bakıda müzakirə edirəm, sabah isə Yerevanda müzakirə edəcəyəm“.
Laçın dəhlizi haqda suala diplomat dövlət katibi Blinkenin Münhendə dediyi sözləri xatırladıb.
Blinken deyib ki, yol əhalinin hərəkəti üçün açıq olmalıdır:
“Biz etiraf edirik ki, təhlükəsizlik məsələsi var, lakin zəruri malların və mülki yüklərin hərəkət etməsi və Qarabağ əhalisi üçün əlçatan olması vacibdir“.
“Bizim məqsədimiz və vəzifəmiz azərbaycanlıların və ermənilərin əziyyətlərinə son qoymaqdır ki, bu xalqlar dinc yanaşı yaşaya bilsinlər“, – deyə o, fikrini yekunlaşdırıb.