ABŞ Putinin yerini daraldır

Vaşinqton təmsilçilərinin açıqlama və yazıları nəyə hesablanıb?

Seymur Həzi, Foto:: Meydan TV


Vaşinqton təmsilçilərinin açıqlama və yazıları nəyə hesablanıb?

ABŞ Dövlət Departamentinin nümayəndəsi Corc Kent maraqlı açıqlamalar edib. O, Azərbaycandakı rus qoşunlarının yaratdığı vəziyyəti Gürcüstanla yaranmış tarixi böhranla müqayisə edib. Onun verdiyi mesajlarda bir neçə mühüm məqamı sezməmək mümkün deyil.

Birincisi, o, Rusiyanın bölgədən getmək istəməyəcəyini və nəticədə konfiliktin yenidən alovlanacağını “ehtimal”, bəlkə də hər kəsə xəbərdarlıq edib.

İkincisi, o düşünür ki, Azərbaycan hakimyyəti Rusiyanın burada uzun müddət qalmasından narazı qalacaq. Bu əminlik ABŞ yetkilisində haradandır?

Üçüncüsü, söhbət həm də Rusiyanaın niyyətinin ifşasıdır. Corc Kent dolayı yolla deyib ki, Rusiya problemin həllində deyil, onun uzanmasında maraqlıdır.


Hoqland cığır açır…

Diqqətli izləyicilər unutmayıblar ki, cəmi bir neçə gün öncə ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş səfiri Riçard Hoqland açıq məqalə ilə qrupun fəaliyyətini demək olar ki, ifşa etmiş, tənqid üçün xeyli material vermişdi. Onun bu məqaləsinin kuliminasiya nöqtəsi, mən deyərdim ki, hətta yazılma səbəbi cəmi bir məlumatı ictimailəşdirmək üçün idi. Hoqland yazır: “ “Lavrov planı” adlanan sənəd tərəflərə təklif olunanda mən rusiyalı həmsədr Popovdan soruşdum ki, birdən Azərbaycan və Ermənistan gücənib bu sənədi qəbul etsələr, siz onu icra edəcəksinizmi? O cavab verdi: “Əlbəttə ki, yox”” Hoqlandın bu məlumatı işıqlandırmaq üçün yazdığı məqalənin ümumi ruhu sanki ona hesablanıb ki, Qarabağ münaqişəsinin müəllifinin və yaşamaq qarantiyasının Rusiya olduğu ortaya qoyulsun. O, bunu açıq bir cümlə ilə öz qənaəti kimi də yazıb. Görünür böyük siyasi məktəbin ciddi ənənəsinin taktikası belə imiş. Hoqland açıq bir cığır ilə ABŞ-ı Rusiyanın Qafqazdakı varlığını tənqid etmək və daha qabarıq ifşa etmək üçün həm informasiya, həm də mühitlə təmin etdi. Ardınca ABŞ Dövlət Departamentinin əməkdaşı açıq şəkildə Azərbaycandakı Rusiya varlığının bir təhdid olduğunu dedi.


Bəs Corc Kent nə deyir?

Corc Kentin açıqlamasının birinci bəndini mən xəbərdarlıq sayardım, nəinki ehtimal və ya proqnoz. Onun Rusiyanın bölgədə uzun müddət qalacağına dair dediklərinin arxasında həm də özünün dilə gətirdiyi Gürcüstanın acı təcrübəsi dayanır. Necə ki, hələ ötən ilin sonlarında və müharibədən az keçmiş Rusiya prezidenti Vladimir Putin özü Qarabağ münaqişəsindən danışarkən Gürcüstan təcrübəsini misal çəkmiş və demək olar ki, hər kəsi bir daha təhdid etmişdi. Ancaq cənab Kentin Azərbaycan hakimiyyətinin bu məsələdən narazı qalacağını proqnozlaşdırması bir qədər sual doğuran məqam oldu. Bütün hallarda mən bu ştrixi xüsusi şərh etməkdən çəkindərdim. Amma onu da demək lazımdır ki, Azərbaycanın hazırki hakimiyyətinin Rusiyadan bu ölkə ilə konfiliktə səbəb ola biləcək narazılığının yaranması çox çətin təsəvvür olunur. Ancaq Vaşinqtona buna dair hansısa xüsusatlar məlumdursa, bu, tamam başqa məsələdir.


Rusiya sülh istəmir

Azərbaycanda Kremlin sülh istədiyinə inanan heç kim yoxdur. Buna kimsənin inanması üçün cəhd edən də yoxdur. Məsələn, bizim rəsmi təbliğat hətta hər nə qədər Putinin imicini qorumağa çalışsa da, sadəcə onun başqaları kimi pis olmadığını deyə bilir. Ancaq heç kim Putinin sülh missioneri olduğunu demir. Demək istəsə belə, bu fikri səsləndirmək üçün bir auditoriya demək olar ki, yoxdur. ABŞ isə bu həqiqəti başqa maraqla hayqırır. Vaşinqton istəyir ki, “Sülh!” sədaları artıq Kremlin alternativi kimi siyasiləşsin və Putinin bölgədəki yeri daralsın. Bu isə ilk növbədə Rusiya əleyhinə siyasi iş üçün imkanlar yaradacaq. Yəni Rusiyanı Cənubi Qafqazda öncə beyinlərdən çıxarmaq işi gedir. Daha sonra fiziki sıxışdırlma haqqında danışmaq olar. Əgər buna zərurət yaranacaqsa.

Ana səhifəXəbərlərABŞ Putinin yerini daraldır