ABŞ Prezidenti Donald Tramp Azərbaycandan rüşvət almaqda ittiham olunan konqresmen Henri Kuelyarı (Henry Cuellar) əfv edib.
Konqresmen “X” platformasındakı paylaşımında Trampa “faktları araşdırmağa vaxt ayırdığı və göstərdiyi müstəsna liderliyə görə” təşəkkür edib.
“Bu əfv bizə təmiz bir səhifə açır. Səs-küy aradan qalxdı. İş isə qalır. Mən bu işi üz-üzə qarşılamağa qərarlıyam”, – Kuelyar yazıb.
Kuelyar 2005-ci ildən bəri Konqresdədir. O, gömrük brokeri və Texas ştatının dövlət katibidir. Kuelyar eyni zamanda konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri olub.
Kuelyar və həyat yoldaşı İmelda Meksikada yerləşən bir bank və Azərbaycana məxsus enerji şirkətinin xeyrinə fəaliyyətlərinə görə rüşvət və pulyumada ittiham olunublar.
Daha sonra bu işdə 67 yaşlı azərbaycanlı İradə Axundova da ittiham olunub. O, ABŞ Ədliyyə Nazirliyində xarici agent kimi qeydiyyatdan keçmədən Azərbaycan maraqlarını təmsil etməkdə suçlanır. Bildirilir ki, İradə Axundova ittihamları qəbul edib və ABŞ ilə tam əməkdaşlıq edir.
İttihamnaməyə əsasən, Azərbaycan neft şirkəti əvvəlcə ödənişləri Kuelyarın həyat yoldaşı İmelda və Texasda onların iki övladına məxsus şirkət vasitəsilə həyata keçirib. Həmin şirkət saxta müqavilə ilə “naməlum” strateji konsultasiya xidmətlərinə görə ayda 25 min dollar alıb.
Sənəddə qeyd olunur ki, Azərbaycan rəsmiləri ölkənin Ermənistanla ərazi münaqişəsi və həmçinin Azərbaycan vətəndaşlarının miqrasiya statusu məsələsində Bakının ABŞ-nin strateji müttəfiqi kimi tanıdılmasına dəstək axtarıblar. İddia edilir ki, Kuelyar buna görə qanunvericilik təşəbbüslərində Azərbaycanın maraqlarını müdafiə etməli, ABŞ Konqresində ölkəyə dəstək üçün çıxışlar etməli idi.
İttihamnamədən əvvəl Kuelyar özünü təqsirsiz elan edib.
Azərbaycan hökumətindən bu ittihamlara dair heç bir rəsmi açıqlama verilməyib.