Məlumata görə, Tramp Zelenskinin sülh danışıqlarına sadiq olduğuna əmin olana qədər bu qərarı verib
ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırdığı bildirilir.
Bu barədə “Reuters” Ağ Evin adının çəkilməsini istəməyən rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Prezident Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin sülh danışıqlarına xoş niyyətlə sadiq olduğuna əmin olana qədər Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlib.
“Prezident Tramp açıq şəkildə bildirdi ki, o, sülhə sadiqdir. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”- mənbə deyib.
Tramp çox güman ki, Pentaqonun ehtiyatlarından ABŞ-nin əvvəlki Prezidenti Co Bayden tərəfindən təsdiqlənmiş silah tədarükünü Prezidentin Utilizasiya Səlahiyyətləri çərçivəsində dayandırıb. Baydenin təsdiq etdiyi yardım paketlərinə mərmilər, raketlər və digər silahlar daxildir. Tramp vəzifəyə gəldikdən sonra ABŞ tədarüklərini davam etdirdi, lakin Baydenin yardım paketlərinə daxil olan silahların hamısı Ukraynaya göndərilməyib.
“Reuters” qeyd edir ki, ABŞ ordusunun artıq Ukraynaya təhvil verilmiş silah sistemləri üçün sursat təmin edə biləcəyi və ya raket buraxılışları ilə bağlı kəşfiyyat məlumatlarını onunla bölüşməyə davam edib-etməyəcəyi aydın deyil.
Tramp administrasiyasının yüksək səviyyəli rəsmisi “The Wall Street”ə bildirib ki, Prezidentin bütün yüksək səviyyəli milli təhlükəsizlik müşavirləri məsələ ilə bağlı bir neçə görüş keçirdikdən sonra tədarükün dayandırılması qərarını təsdiqləyiblər.
Nəşr yazır ki, Zelenskinin “müharibəyə son qoymaq üçün razılaşma hələ çox-çox uzaqdadır” deməsindən qəzəblənən Tramp Ukraynanı danışıqlar masasına oturtmaqda ciddi olduğunu göstərmək qərarına gəlib.
“Ukraynalılar bizim ciddi olduğumuzu düşünmürdülər. Biz bunu nümayiş etdirməli olduq”- administrasiya rəsmisi “The Wall Street”ə deyib.
ABŞ-nin hazırkı və keçmiş rəsmiləri də “WSJ”-yə bildiriblər ki, Tramp administrasiyası Ukraynaya yeni silah satışını maliyyələşdirməyi dayandırıb.
Analitiklər hesab edirlər ki, Amerikanın silah tədarükünün dayandırılması Ukraynanı Rusiyanın hücumlarına qarşı daha az seçim qarşısında qoyacaq. Nəşrin mənbələri bildiriblər ki, Ukrayna da tam uzaq məsafədən zərbələr endirə və arxa mövqelərini müdafiə edə bilməyəcək.
Ağ Ev məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Zelenskinin ofisi və Ukraynanın Vaşinqtondakı səfirliyi məsələni şərh etməyiblər.
Co Bayden ABŞ prezidentliyindən getdikdən sonra Donald Tramp administrasiyası Birləşmiş Ştatların hərbi anbarından Ukraynaya 3,85 milyard dollarlıq silah tədarük etmək səlahiyyətini özündə saxlayıb. Lakin Tramp bu səlahiyyətlərdən istifadə etməyib, Ukraynaya yeni yardımlardan imtina edəcəyini bildirib.
Qərb rəsmiləri “The Wall Street Journal”-a bildiriblər ki, Amerikanın yeni hərbi yardımı olmasa, Ukraynanın 2025-ci ilin ortalarına qədər hazırkı tempi ilə döyüşü davam etdirmək üçün kifayət qədər silahı var. Qərb rəsmiləri “CNN”-ə bildiriblər ki, ABŞ-nin qərarından sonra Ukrayna silahlı qüvvələri “bir neçə həftə, ola bilsin ki, yayda” hazırkı tempində döyüşə davam edə biləcək.
Ukrayna Ali Radası ABŞ Prezidenti Donald Trampın Rusiya ilə müharibənin həlli ilə bağlı sülh təşəbbüslərini alqışlayıb.
2025-ci il fevralın 28-də Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və Vitse prezident Ceyms Devid Venslə görüşü zamanı tərəflər arasında mübahisə yaranıb.
Zelenski nadir torpaq metalları sazişini imzalamaq üçün Vaşinqtonda olarkən ABŞ-nin Rusiya ilə diplomatik əlaqələr qurmaq siyasətini tənqid edib. Buna cavab olaraq Tramp Zelenskini Ukraynaya maliyyə dəstəyi və silah tədarükünə görə hörmətsizlikdə və kifayət qədər minnətdar olmamaqda ittiham edib. Trampla mübahisədən sonra Zelenski Ağ Evi erkən tərk edib. Daha sonra baş tutmalı olan müqavilənin imzalanması ləğv edilib.
Rusiya 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı müharibəyə başlayıb.