Vaşinqton Konstitusiya Aktı layihəsini Avropa Şurasının Venesiya Komissiyasına və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə (ODIHR) təqdim etməyə çağırıb
“Biz REAL hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsindən çox narahatıq”. Bunu ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mark Toner bildirib. O, ABŞ hökumətinin digər azərbaycanlı siyasi fəalların həbsindən də eyni dərəcədə narahat olduğunu qeyd edib.
“Biz qəti şəkildə Azərbaycan hökumətini öz fundamental azadlıqlarından yararlanan bu və digər fəalları həbsdən azad etməyə çağırırıq”, – deyə Toner
Amerikanın Səsi
radiosunun sualına cavabda bildirib.
O, Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental azadlıqlarına hörmət etməyə və ölkənin gələcək istiqaməti ilə bağlı dialoq açmağa çağırıb.
Konstitutsiya dəyişiklikləri ilə bağlı referendum təşəbbüsünə toxunan Mark Toner rəsmi Bakını həmin dəyişiklikləri Avropa Şurasının Venesiya Komissiyasına və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə (ODIHR) təqdim etməyə çağırıb.
Natiq Cəfərli avqustun 12-də saxlanılıb. Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq Natiq Cəfərli Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməkdə şübhəli bilir.
Avqustun 17-də Natiq Cəfərlinin apellyasiya şikayətinə baxılacaq.