Azərbaycanda həbsdə olan jurnalist Fərid Mehralızadə ABŞ Milli Mətbuat Klubunun (National Press Club) 2025-ci il üzrə Con Obyuşon Mətbuat Azadlığı Mükafatının laureatları arasında yer alıb.
Bu mükafat ABŞ Qlobal Media Agentliyi (USAGM) ilə əməkdaşlıq edən və hazırda müxtəlif ölkələrdə həbsdə saxlanılan doqquz jurnalistə təqdim olunacaq.
“AzadlıqRadiosu”nun əməkdaşı və iqtisadçı Fərid Mehralızadə “AbzasMedia işi” üzrə 2024-cü il iyunun 1-də həbs edilib.
“Abzas Media işi” üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun tarixli hökmü ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Milli Mətbuat Klubunun Direktorlar Şurası bəyan edib ki, mükafat dünya üzrə mətbuat azadlığı uğrunda mübarizə aparan, lakin bu yolda azadlığını itirən jurnalistlərin fədakarlığını tanımaq məqsədi daşıyır.
“Bu insanların həbsi azadlığa inanan hər kəsi sarsıtmalıdır”, – deyə klubun prezidenti Mayk Balzamo bildirib.
“Onlar Amerikanın şəffaflıq və söz azadlığı prinsiplərini müdafiə edirdilər. Bu jurnalistləri unudulmağa məhkum etmək həm mətbuat azadlığına, həm də ölkəmizin dəyərlərinə zərbədir”.
Mətbuat azadlığının müdafiəsi üçün təsis edilmiş Con Obyuşon Mükafatının təqdimetmə mərasimi 2025-ci il dekabrın 9-da Vaşinqtonda keçiriləcək.