ABŞ Mediası: Ağalarovlar Trampla Rusiyanın görüşünə vasitəçilik ediblər

ABŞ Senatı prezident Donald Trump-ın böyük oğlundan, onun Kremlə bağlı vəkillə görüşünə dair ifadə verməsini tələb edib

Source:
Tramp və Ağalarov
Tramp və Ağalarov


ABŞ Senatı prezident Donald Trump-ın böyük oğlundan, onun Kremlə bağlı vəkillə görüşünə dair ifadə verməsini tələb edib

Donald Trump-ın adını daşıyan böyük oğlu, Twitter hesabında paylaşdığı şəxsi emaillərdə, musiqi agenti Rob Goldstone-un Azərbaycan əsilli Rusiya milyarderi Araz Ağalarovun Rusiya hökumətindən Hillary Clinton barədə aldığı sənədləri cənab Trump-ın prezidentlik kampaniyasına dəstək olaraq paylaşmaq istədiyini bildirib.

Rob Goldstone hələ ki, məktublarda təsvir olunan iddiaları təsdiqləməyib. Bundan əvvəl, o, Rusiya hökumətinin ABŞ prezident seçkilərinə müdaxiləsi barədə məlumatı olmadığını deyib.

Dərc edilən emaillərdə, Rob Goldstone oğul Donald Trumpla əlaqə saxlayaraq Rusiyanın “Baş Kral Prokurorunun” 2016-cı il, iyunun 3-də Araz Ağalarovla görüşündə milyarderə Trump seçki kampaniyasını dəstək olaraq “Hillary Clinton-un Rusiya ilə əlaqələri” barədə “Donald Trump-a çox faydalı ola biləcək bəzi rəsmi sənədlər və məlumatları təklif edib”.

Rusiyanın “Kral Prokuroru” yoxdur, lakin ölkənin Baş prokuroru var.

O, bu məlumatı ona Araz Ağalarovun oğlu və Azərbaycan Prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyevanın keçmiş əri, Emin Ağalarovun, çatdırdığını bildirib.

“Bu həssas məlumat, Emin və Araz Ağalarovun köməyilə, Rusiya və onun hökumətinin cənab Trump-a dəstəyini göstərir”, cənab Goldstone əlavə edib.

Oğul Trump bu emailə cavabında deyib ki, “sən deyən düzdürsə mən bunu sevirəm, xüsusilə də yayın sonuna doğru”.

Şəxsi və gizli

Daha sonraki yazışmalarda “Rusiya-Clinton – şəxsi və gizli” başlıqlı emaillərdə cənab Goldstone “Rusiya hökumətinin vəkili”, oğul Donald Trump, Prezident Trump-ın kürəkəni Jared Kushner və prezidentin keçmiş seçki kampaniya rəhbəri Paul Manafortla görüş təşkil edib.

Britaniyanın “The İndependent” qəzeti yazır ki, ABŞ Senatı prezident Donald Trump-ın böyük oğlundan, onun Kremlə bağlı vəkillə görüşünə dair ifadə verməsini tələb edib.

Oğul Trump belə bir görüşün olduğunu etiraf edib və artıq özünü müdafiə etmək üçün vəkil də tutub.

Senatın Kəşfiyyat Komitəsindəki ən yüksək vəzifəli demokrat Mark Warner deyib ki, oğul Trump-ın dindirilməsi son dərəcə vacibdir.

Senator əlavə edib ki, oğul Trump-ın Kremlə bağlı vəkil Nataliya Veselnitskaya ilə görüşü Trump kampiyasının ruslarla əlaqələrini təsdiq edən ilk hadisədir.

Trump-ın oğlu bildirib ki, rusiyalı vəkil atasının rəqibi Hillary Clinton-a dair gözdən salan məlumata malik olduğunu bildirirdi və o da bu görüşə məhz buna görə gedib.

Oğul Trump deyib ki, bu görüşdən bir şey hasil olmayıb, çünki vəd olunan informasiya əhəmiyyətli deyildi.

Oğul Trump bildirib ki, o bundan sonra söhbəti Maqnitski Aktına çevirib.

Vəkil Veselnitskaya Rusiyada insan haqalarını pozanlara qarşı ABŞ-da tətbiq edilmiş bu qanunun qaldırılmasına yönəlmiş fəaliyyətinə görə tanınır.

Trump-ın oğlu bunu da deyib ki, rus vəkil ona kampaniya üçün əhəmiyyətli olacaq informasiyaya malik olduğunu söyləyib.

O deyib ki, guya Rusiyaya bağlı şəxslər Demokratik Partiyanın Milli Komitəsini və Hillary Clinton-u dəstəkləyirlər.

Oğul Trump-ın dediyinə görə, söhbət əsnasında tezliklə aydın olub ki, vəkilin informasiyası yayğındır və heç bir sübuta söykənmir.

Cənab Warner deyib ki, rusiyalı vəkillə söhbət Trump administrasiyasının “yaddaşsızlıq” vərdişinin daha bir epizodudur.

Başqa sözlərlə Trump administrasiyası və kampaniyasının rəsmiləri ruslarla görüşlərini nədənsə bir qayda olaraq “unutmuş” olurlar.

Senator deyib ki, indiyədək Trump kampaniyasının ruslarla əlaqələrinə dair çox sayda iddialar olub, lakin prezident və onun yaxın çevrəsi bütün bu iddiaları rədd ediblər.

“The İndependent” isə hüquq ekspertinə istinadən yazır ki, ola bilsin, oğul Trump öz bəyanatı ilə cinayət törətdiyini təsdiq edib.

MSNBC şəbəkəsindən təhlükəsizlik təhlilçisi və Ədliyyə Nazirliyinin keçmiş sözçüsü Matthew Miller deyib ki, prezidentin oğlu xarici vətandaşdan dəyəri olan nəsə almaq istədiyini və buna çalışdığını etiraf etməklə qanunu pozduğunu da etiraf edir.

Ekspert deyib ki, ABŞ qanunlarına görə, bu “qiymətli nəsənin” pul olması vacib deyil, bu bir informasiya da ola bilər.

Hələliksə, həm Trump, həm də Kreml aralarında hər hansı bağlar və əməkdaşlıq olduğuna dair iddiaları rədd edirlər.

Cənab Warner deyib ki, Veselnitskaya ilə görüşdə iştirak etmiş şəxsləri dindirmək istərdi.

Məqalədə deyilir ki, Trump-ın oğlu ilə Veselnitskayanı Britaniya musiqi agentlərindən Rob Goldstone calaşdırıb.

Goldstone deyib ki, bu görüşü Rusiyalı müştərisinin xahişi ilə təşkil edib və xanım Veselnitskaya ilə birgə həmin görüşə qatılıb.

Cənab Goldstone Emin Ağalarov üçün menecer vəizfəsində işləyib. Qəzet yazır ki, Ağalarov ailəsi keçmişdə Trump-la “biznes edib”.



Mənbə:

BBC Azərbaycanca


Ana səhifəXəbərlərABŞ Mediası: Ağalarovlar Trampla Rusiyanın görüşünə vasitəçilik ediblər