“Azərbaycan hökuməti həbsdə olduğu müddətcə ona lazımi tibbi yardım göstərməklə onun salamatlığına təminat verməlidir”
ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası həbsdə olan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə bağlı çağırış edib. Komissiya Tofiq Yaqublunun sağlamlıq vəziyyətinin kritik olduğunu bildirərək onun dərhal azadlığa buraxılmasına çağırıb.
Bu barədə komissiyanın X sosial media hesabında paylaşım edilib.
“Müxalifət lideri Tofiq Yaqublu aclıq aksiyasını dayandırsa da, sağlıq durumu ağır olaraq qalır. Azərbaycan hökuməti həbsdə olduğu müddətcə ona lazımi tibbi yardım göstərməklə onun salamatlığına təminat verməlidir. O, dərhal və qeyd-şərtsiz azad edilməlidir”, – paylaşımda vurğulanıb.
Tofiq Yaqublu həbsinə etiraz olaraq aprelin 1-dən başladığı aclıq aksiyasını 40 gün sonra – mayın 10-da səhhəti kəskin pisləşəndən sonra qızının xahişi ilə dayandırıb.
Tofiq Yaqublu 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Siyasətçi ittihamları qurama sayır.