ABŞ Konqresində Qarabağ dinləməsi: “Əliyev genosiddən alət kimi istifadə edir”

Kristofer Smit, foto: ABŞ Konqresi

Smit deyib ki, bu halı Azərbaycanı diktator kimi idarə edən Əliyev planlaşdırıb

Sentyabrın 6-da ABŞ Konqresinin İnsan Hüquqları Komissiyası Qarabağın ermənilərin yaşadığı hissəsindəki vəziyyətlə bağlı dinləmə keçirib.

Dinləməyə deputat Kristofer Smit sədrlik edib.

Məqsəd Qarabağ sakinlərini qorumaq yollarını müzakirə etmək və bundan ötrü ABŞ hökumətinin nə iş görə biləcəyinin müzakirəsidir.

Müzakirədə 120 min etnik erməninin yaşadığı Qarabağda davam edən vəziyyətdən danışılıb.

Bildirilib ki, oradakı əhali yeməkdən və dərmandan məhrumdurlar və Azərbaycan hökuməti onları aclıqdan ölmə riski ilə üz-üzə qoyub.

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş hakimi Luis Moreno Okampo və Kolumbiya Universitetində “Artsaxda vəhşilik” araşdırma layihəsinin rəhbəri, professor Devid Fillips (David Phillips) də dinləmədə çıxış ediblər.

Fillips həmçinin 2000-ci illərin başlanğıcında barışıq üzrə erməni-türk komissiyasının koordinatoru olub.

İlham Əliyevlə iki dəfə görüşən Kristofer Smit deyib ki, Qarabağda baş verənlər cinayətdir, soyqırımıdır:

“Bu hal Azərbaycan hökuməti, yəni Azərbaycanı diktator kimi idarə edən Prezident İlham Əliyev tərəfindən planlaşdırılıb, sınaqdan keçirilib və tətbiq edilib. Bayden Administrasiyası oyanmalı, buradakı tamamilə ciddi məsuliyyəti dərk etməli və humanist bir həll tapıb həyata keçirməyə diqqət etməlidir”.

Smit əlavə edib: “Qarabağdakı blokadanın götürülməsi və insanların öz qədim vətənlərində yaşamağa davam etməsi, zorakılıq və təhdidlərə məruz qalmaması anlamına gəlməlidir”.

Luis Moreno Okampo çıxışında iddia edib ki, hazırda ilk iş Qarabağ ermənilərinin soyqırımının qarşısını almaqdır:

“Soyqırımının tam gerçəkləşməsini gözləmək lazım deyil, onu önləməkdən ötrü dərhal hərəkətə keçmək lazımdır. Artıq gecikirik, genosid təhlükəsi yanvardan hiss olunur”.

Okampo komissiyaya təklif edib ki, icra orqanına informasiya göndərsin, Azərbaycanın genosid həyata keçirməsi haqda məlumat versin:

“Bu, ona görə vacibdir ki, ABŞ Qarabağ danışıqlarında fəal iştirak edir, Azərbaycan Prezidenti İlham Əliyev isə genosiddən danışıq aləti kimi istifadə edir”.

Con Evans Qarabağdan gələn xəbərlərin, orada əhalinin yoxsul durumunun təşviş yaratdığını, hazırda vəziyyətin çox ciddi olduğunu vurğulayıb.

Qarabağda yaşayan ermənilər 2022-ci ilin dekabrından Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.

Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

2023-cü ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir.

Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəXəbərlərABŞ Konqresində Qarabağ dinləməsi: “Əliyev genosiddən alət kimi istifadə edir”