Sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanda insan haqlarının hazırkı durumu və bunun ABŞ siyasətinə təsiriylə bağlı dinləmə keçiriləcək.
“2014-cü ildən bəri prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan hökuməti narazılara təzyiqi gücləndirib, jurnalistləri, müxalifət fəalların, dini fəalları, vətəndaş cəmiyyəti üzvlərini həbsə atdırıb. ABŞ-ın maliyyələşdirdiyi AzadlıqRadiosu və bir sıra qeyri-hökumət təşkilatları ölkədən çıxarılıb. AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova il yarım qondarma ittihamlarla həbsdə yatıb. Rəqəmləri dəqiqləşdirmək çətin olsa da, etibarlı mənbələrə görə, ölkədə 100-dən artıq şəxs siyasi ittihamlarla həbsdə yatır”, -komissiyanın yaydığı açıqlamada belə deyilir.
Açıqlamada vurğulanır ki, ölkədə məhdudlaşdırıcı qanunlar QHT-lərin və müstəqil medianın işinə əngəl yaradır: “Əliyev hökuməti barəsində korrupsiya ittihamları dolaşır, hökumət iqtisadiyyatın zəifləməsi və valyutanın ucuzlaşmasıyla əlləşir. İndiyədək keçirilmiş seçkilərdə səslərin sayılmasından tutmuş, ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarının məhdudlaşdırılmasınadək bir sıra pozuntular qeydə alınıb”.
Komissiya diqqəti Konstitusiyaya təklif olunan dəyişikliklərə çəkir, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırıldığı, prezident Əliyevin artıq üçüncü müddət bu vəzifədə qaldığı vurğulanır: “Bu dəyişikliklərdə fundamental hüquqlarla bağlı qarışıq ifadə olunmuş məhdudiyyətlər nəzərdə tutulur… Seçicilər tələsik şəkildə sentyabrın 26-na təyin olunmuş referendumda dəyişikliklərə səs verəcəklər. Son günlər dəyişikliklərin əleyhinə çıxanların saxlanması barədə məlumatlar gəlir”.
“Azərbaycan hökuməti Birləşmiş Ştatların vacib strateji müttəfiqidir və yuxarıda göstərilənlər ABŞ-n bu ölkəylə bağlı siyasətinə dair ciddi suallar yaradır. Şahidlər ölkədə insan haqları, Konstitusiyaya təklif olunan dəyişikliklər və ABŞ-ın bu ölkə üzrə siyasətiylə bağlı sualları cavablandıracaqlar”.
Dinləmələrdə AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılova, AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich çıxış edəcəklər.
Hakimiyyət təmsilçiləri, hələlik, bu dinləmələrlə bağlı mövqe açıqlamayıblar. Amma ənənəvi olaraq, hökumət ölkədə təməl insan haqlarının qorunduğunu bildirir, beynəlxalq tənqidləri rədd edir.