ABŞ Konqresində Azərbaycan rəsmilərinə qarşı sanksiya təşəbbüsü

Azərbaycana sanksiya çağırışı. Foto: Postmodern Studio/shutterstock

ABŞ Konqresində Bakıya qarşı sanksiyaları nəzərdə tutan yeni qanun layihəsi hazırlanır.

Bu barədə Kyiv Post-un bu gün dərc olunmuş “Vaşinqton susduğu vaxtda Əliyev repressiyaları sərtləşdirir” adlı məqaləsində yazılıb.  

Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri, Nyu-Cersi ştatından respublikaçı Kris Smit “2025 Azərbaycan Demokratiya Aktı” adlanan sanksiya paketini yaxın günlərdə təqdim edəcəyini açıqlayıb. Layihə korrupsiya və siyasi repressiyalarda adı hallanan yüksək vəzifəli Azərbaycan rəsmilərinə qarşı ABŞ-dakı aktivlərin dondurulmasını və viza qadağalarını nəzərdə tutur.

Kyiv Post-un əldə etdiyi ilkin sənəddə Prezident İlham Əliyevin təhlükəsizlik, məhkəmə və siyasi strukturlarında çalışan 35 yüksək vəzifəli şəxsin adı yer alır.

Qanun layihəsinin bir maddəsində qeyd edilir ki, ABŞ Prezidenti “Azərbaycanın demokratik institutlarını sarsıdan addımlardan şəxsi fayda götürən rəsmilərin bütün əmlak və mülkiyyət maraqlarını bloklamalıdır”.

Layihənin hazırlanmasında iştirak edən adının çəkilməsini istəməyən bir konqres əməkdaşı bildirib ki, Azərbaycan hakimiyyətinin son addımları “prosesə yanaşmanı dəyişib”.

“Əliyev Vaşinqtonun sükutunu yaşıl işıq kimi qəbul edir. Konqres isə bunun belə davam etməsini istəmir”, – deyə həmin əməkdaş vurğulayıb.

Kyiv Post-un yazdığına görə, bu təşəbbüs Ağ Evin son aylardakı susqunluğu fonunda irəli sürülür. Dövlət Departamenti Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Əli Kərimlinin həbsi və müxalifət nümayəndələrinə, eləcə də hakimiyyətin tənqidçilərinə qarşı artan təzyiqlərlə bağlı hələlik heç bir açıqlama verməyib. İnsan haqları təşkilatları və media qurumlarının sorğuları isə cavabsız qalıb.

Adının açıqlanmasını istəməyən demokrat konqres əməkdaşı Kyiv Post-a bildirib ki, administrasiyanın reaksiyasızlığı “prosesə dolayısı şəriklik” kimi görünür:

“Biz bir müttəfiq ölkədə genişmiqyaslı siyasi təmizləmənin şahidiyik. Dövlət Departamentindən reaksiya yoxdur. Bu sükut Bakıda vəziyyətin daha da sərtləşdirilməsi üçün siqnal kimi başa düşülür”.

İnsan haqları məsələləri ilə məşğul olan respublikaçı bir başqa konqres əməkdaşı isə bildirib:

“Əliyev düşünür ki, Vaşinqtonun ona ehtiyacı daha çoxdur. Administrasiyanın fəaliyyətsizliyi ciddi narahatlıq yaradır”, – məqalədə belə deyilir.

Ana səhifəSiyasətABŞ Konqresində Azərbaycan rəsmilərinə qarşı sanksiya təşəbbüsü