17 səudiyyəli arasında şahzadə Muhammad bin Salmanın müşavirləri də var
Amerika Birləşmiş Ştatları jurnalist Camal Qaşıqçının (Jamal Khashoggi) qətlində əli olduğu iddia edilən 17 səudiyyəliyə sanksiyalar tətbiq edir.
Azadlıq Radiosunun məlumatına görə, sanksiya tətbiq olunanlar arasında Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salmanın yaxın müşavirləri də var.
Bu sanksiyalar bəyan edilməzdən əvvəl Səudiyyənin mülki prokuroru beş Səudiyyə rəsmisinin jurnalistin qətlinə görə edam cəzası ilə üzləşə biləcəklərini bildirmişdi.
59 yaşlı Qaşıqçı şahzadə Muhammadın ən kəskin tənqidçilərindən biri hesab olunurdu. O, oktyabrın 2-də Səuidiyyənin İstanbuldakı konsulluğuna gedəndən sonra yoxa çıxıb.
İstanbulun
Baş prokuroru İrfan Fidan
ın oktyabrın 31-də verdiyi açıqlamaya görə, hazırda Qaşıqçının cəsədinin qalıqlarının harda olması məlum deyil:
“Əvvəlcədən planlaşdırıldığı kimi səudiyyəli jurnalist Camal Qaşıqçı (Jamal Khashoggi) Səudiyyənin İstanbul konsulluğuna daxil olan kimi boğulub meyiti doğranaraq “yox edilib””.
Prokurorluğun açıqlamasında deyilir ki, Səudiyyənin Baş prokuroru Saud al-Mojeb də bu qətllə bağlı üç gün İstanbulda olub: “Lakin həqiqətin açılmasına yönəlmiş bütün səylərə baxmayaraq heç bir konkret nəticə əldə olunmayıb”.
ABŞ-ın maliyyə naziri Steven Mnuchin noyabrın 15-də verdiyi bəyənatda deyib:
“Bizim sanksiyaladığımız Səudiyyə rəsmiləri, Camal Qaşıqçının ikrah hissi doğuran qətlində iştirak ediblər. ABŞ-da yaşayan və işləyən jurnalisti hədəfləmiş və qəddarlıqla öldürmüş bu şəxslər əməllərinin nəticəsi ilə üzləşməlidirlər”.
Sanksiyalanmış 17 səudiyyəlinin arasında vəliəhd şahzadənin iki yaxın müşaviri – Saud Al-Qahtani və Maher Mutreb, habelə Qaşıqçı öldürülərkən İstanbul konsulu postunu tutmuş Muhammad Alotaibi də var.
Sanksiyada deyilir ki, şahzadə Muhammadın sağ əli sayılan Qahtani jurnalistin “öldürülməsinin planlaşdırılmasında və icrasında iştirak edib”.
ABŞ dövlət katibi Mike Pompeo bu münasibətlə ayrıca bəyanat verib:
“Bu hərəkətin nəticəsi olaraq bu fərdlərin ABŞ-ın yurisdiksiyasında olan bütün mülkiyyəti bloklanıb və ABŞ vətəndaşlarına onlarla hər hansı maliyyə əlaqələri qadağan olunub”.
ABŞ-ın Qlobal Magnitsky İnsan Haqları Cavabdehliyi qanunu əsasında irəli sürülmüş sanksiyalara görə sözü gedən fərdlərin ABŞ-dakı bütün mülkiyyəti dondurulur və amerikalılara və ABŞ şirkətlərinə bu şəxslərlə işbirliyi qadağan edilir.