ABŞ İrana qarşı bütün sanksiyaları bərpa etmək üçün hərəkətə keçib

Birləşmiş Ştatlar keçən həftə Təhlükəsizlik Şurasına İrana qoyulmuş silah embarqosunun oktyabr ayında bitməsindən öncə uzadılması təklifini etmişdi.

Source: Meydan TV


Rəsmi Vaşinqton BMT Təhlükəsizlik Şurasına məktub göndərib

ABŞ cümə axşamı Tehranın 2015-ci ildə dünya gücləri ilə bağladığı nüvə sazişini pozduğunu iddia edərək, İrana qarşı BMT-nin sanksiyalarını, o cümlədən silah embarqosunu bərpa etmək üçün hərəkətə keçib, – “Reuters” xəbər verir.

Vaşinqton 2018-ci ildə müqaviləni tərk edib.

ABŞ 15 üzvlü BMT Təhlükəsizlik Şurasına Tehrana qarşı ittiham məktubu göndərib və sanksiyaların tətbiq edilməsi üçün 30 günlük vaxt təyin edib.

Nüvə sazişinin qalan bütün tərəfləri – Almaniya, Fransa, İngiltərə, Rusiya və Çin – Təhlükəsizlik Şurasına dərhal ABŞ-ın addımını tanımadıqlarını bildiriblər.

Birləşmiş Ştatlar keçən həftə Təhlükəsizlik Şurasına İrana qoyulmuş silah embarqosunun oktyabr ayında bitməsindən öncə uzadılması təklifini etmişdi. Qurum bu təklifi rədd edib.

“Silah embarqosunu uzatmamaq böyük səhvdir”,- Pompeo Birləşmiş Millətlər Təşkilatındakı jurnalistlərə deyib və ABŞ-ın keçmiş prezidenti Barak Obamanın müzakirə etdiyi “birtərəfli, ağılsız” nüvə sazişini sərt şəkildə tənqid edib.

Prezident Donald Tramp nüvə sazişini “indiyədək bağlanmış ən pis sövdələşmə” adlandırıb. Pakt Tehranın sanksiyalardan azad edilməsi qarşılığında nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq məqsədi daşıyır və 2015-ci ildə Təhlükəsizlik Şurasının qətnaməsində əksini tapıb. Vaşinqton iddia edir ki, bu, ani proseslərə təkan verə bilər, çünki qətnamə hələ də onu nüvə sazişinin iştirakçısı kimi təqdim edir.

Cümə axşamı Almaniya, Fransa və İngiltərə ABŞ-ın sanksiyaların ləğvi təşəbbüsünü “ziddiyətli” adlandırıb, Rusiya və Çin isə bunun “qeyri-qanuni” olduğunu bildirib.

Ana səhifəDünyaABŞ İrana qarşı bütün sanksiyaları bərpa etmək üçün hərəkətə keçib