ABŞ İran neftinin idxalına tam qadağa qoyur

“Artıq İran neftinə dair qərarlar neft təkliflərinin məhdudluğu baxımından neftin dünya qiymətinin artmasına təsir göstərir”

Source: google.az


Heç bir ölkəyə istisna edilməyəcək

ABŞ Prezidenti Donald Trampın İrandan neftin idxalına tam qadağa qoyması dünyada bir çox iqtisadi və siyasi proseslərə kəskin təsir göstərməsi gözlənilir.

“Turan” Agentliyinin layihəsi olan “ASTNA” saytında ABŞ prezidentinin qərarının hansı nəticələrə gətirib çıxaracağı barədə təhlili yazı dərc edilib.

Aprelin 22-də ABŞ prezidenti Donald Trump bəzi ölkələrin İrana qarşı neft sanksiyalarından çıxarılmasına dair tədbirlərin uzadılmasından imtina barədə qərar qəbul edib.

Mayın 2-dən, yəni, bu qərardan 10 gün sonra ABŞ-ın hazırda İran neftini idxal edən 8 ölkəyə istisna təqdim etməyəcəyi gözlənilir. Eyni zamanda, onlara heç bir keçid dövrü verilməyəcək, yəni, həmin tarixdən (2 maydan) onlar artıq İran neftini ala bilməyəcəklər. Daha öncə antiiran neft sanksiyalarının şamil edilmədiyi ölkələr arasında Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə var.

"Əgər bu qərara (ABŞ) əməl etməsəniz, sizə sanksiya olacaq", – ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Bazar ertəsi neftin qiyməti 2,4% bahalaşıb və çərşənbə axşamı bir barelə görə $74-dən (Brent) yuxarıda qalmaqda davam edir.

"Bu qərar İran neftinin ixracının sıfıra endirilməsinə, rejimin əsas gəlir mənbəyindən məhrum edilməsinə yönəlib", – Ağ Evin bəyanatında bildirilir.

Pompeo deyib ki, sanksiyaların bərpasından öncə İran neft gəlirlərindən ildə 50 milyard dollar əldə edib. Onun hesablamalarına görə, ABŞ sanksiyaları İslam Respublikasına 10 milyard dollara başa gəlib.

"Rejim həmin puldan Hamas və Hezbullah terrorçu qruplarının dəstəklənməsində istifadə edə bilərdi və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozaraq raket hazırlanmasını davam etdirə bilərdi", – Dövlət Departamentinin rəhbəri jurnalistlərə bildirib. "Və bu Yəməndə humanitar böhrana səbəb ola bilərdi", – o əlavə edib.

İran neftinin alınması üçün istisnanın son tarixi 2 maydır, ABŞ-ın İran nüvə sövdələşməsindən çıxmasından bir il sonra.

ABŞ bildirib ki, 2018-ci ilin noyabrında bəzi ölkələrə İran neftinə son qoymaq üçün altı ay vaxt veriblər.

İtaliya, Yunanıstan və Tayvan İrandan neft alışını sıfıra endirib, ancaq Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə ABŞ-ın yumşalacağına ümid edirdilər və keçən həftə ABŞ administrasiyası ilə məsləhətləşmələr aparıblar.

Belə ki, Türkiyə prezidentinin müşaviri İbrahim Kalın Vaşinqtonda olub.

"Biz ABŞ-a işarə etdik ki, İran neftini almağa davam etmək istəyirik. Biz sövdələşmələr baxımından alternativlər axtarmağa başlayacağıq. Biz sanksiyaları pozmaq istəmirik, eyni zamanda İrandan neft və qaz alışı ilə bağlı suveren hüququmuzu da itirmək istəmirik", – Kalın deyib.

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu aprelin 22-də daha sərt çıxış edib. "Biz sanksiyalar ilə razı deyilik. Bunun zorla qəbul etdirilməsinin əleyhinəyik. Türkiyə və digər ölkələrə öz neft mənbələrini diversifikasiya etmək asan deyil, üstəlik İraqda, Türkiyəyə neftin gəldiyi yerdə terror təşkilatı neft kəmərini zədələyib və o, təmir edilir", – M.Çavuşoğlu deyib.

İraq Kürdüstanından boru kəmərinin buraxılış qabiliyyəti də məhduddur.

Türkiyədə NEZ-lərin çoxu İran neftinə yönəlib.

"Bu dəfə neft emalı zavodlarının texnologiyasını dəyişdirmək lazımdır. Bundan ötrü neft emalı zavodları bağlanmalıdır, ciddi xərclər tələb olunur", – Çavuşoğlu bildirib.

Çavuşoğlu
M.Çavuşoğlu

O işarə edib ki, ABŞ-ın hərəkətlərinin arxasında lobbi siyasəti (Səudiyyə Ərəbistanı və BƏƏ-nin xeyrinə) durur.

"Bizə istənilən ölkədən neft almağı, ancaq İrandan almamağı təklif etmək bu ölkələrin adından marketinqlə məşğul olmaq deməkdir?"- Türkiyə XİN rəhbəri sual edib.

"ABŞ bilir ki, həmin ölkələrdən daxil olan neftin qiyməti çox yüksəkdir, bunu biz də bilirik. ABŞ xarici siyasət idarəsi rəhbərinin bu ölkələrin adından marketinqlə məşğul olmaq cəhdi düzgün deyil. İnsanlar düşünürlər ki,

Birləşmiş Ştatlar və bu ölkələr arasında sıx əməkdaşlıq var. ABŞ-ın sanksiyaları siyasi və etik baxımdan düzgün deyil, kommersiya baxımından da düzgün deyil və Ümumdünya Ticarət Təşkilatının normalarına ziddir… Bağışlayın, ancaq Türkiyə ABŞ-ın belə addımlarının əleyhinədir", – M.Çavuşoğlu deyib.

Qeyd edək ki, Yaponiya aprel ayına qədər İran neftini alıb. "Yaponiyanın neft emalı zavodları yanvar-mart aylarında 15,3 mln. barel neft aldıqdan sonra martın sonunda İrandan neft idxalını dayandırıblar", – JapanTimes yazır. Yaponiyanın neft emalçıları əmin olmaq istərdi ki, ABŞ-ın istisnanı uzatmaqdan imtina müddəti başa çatana qədər bütün yük və ödəmələr başa çatdırılacaq.

Amma Yaponiya Neft Birliyi İranı mühüm neft təchizatı mənbəyi hesab edir və Yaponiya hökumətindən Birləşmiş Ştatlara təzyiq göstərməsini xahiş etməyə davam edəcək.

Bloomberg xəbər verir ki, digər Asiya ölkələrindən neft alıcıları da aprelin son dekadasına yaxın alışı dayandırıblar. "Cənubi Pars"dan İran kondensatını alan Cənubi Koreyanın HanwhaTotalPetrochemicalCo. şirkəti bildirib ki, Afrika və Avstraliyadan alternativ yüklərin tədarükünü öyrənir, ancaq belə alternativ xərcləri artıracaq.


NEFT HASİLATÇILARI

Vaşinqtonda ABŞ administrasiyasının nümayəndəsi bildirib ki, Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İran neftinin ixracı ilə bağlı ABŞ-dan imtina alan səkkiz ölkə üçün neftdə yaranmış fərqi kompensasiya etmək məqsədilə neftə olan dünya tələbatını təmin edəcəklər.

Bu məmurun sözlərinə görə, Birləşmiş Ştatlar strateji neft ehtiyatının cəlb edilməsi məsələsini nəzərdən keçirməyə zərurət görmür və hazırda İrandan yan keçməklə yeni neft sanksiyalarının qarşısını almaq yollarını axtarır.

Bloomberg agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı və BƏƏ nisbətən qısa müddətdə hasilatı gündə 1,5 mln. barelə qədər artıra bilər. "Təchizatda fasilələrin bazara daha çox təzyiq göstərməsindən ehtyiatlanaraq neftin qiymətinə tez bir zamanda düzəliş edilib", – SPI AssetManagement-də treydinq və bazar strategiyası şöbəsinin rəhbəri Stiven Innz deyib. Brent-ın qiymətinin bir barel üçün $80-a qədər yüksəlmə perspektivi hələ bir neçə gün öncə ağlabatan deyildi, indi ciddi düşünməyə dəyər".

İran Fars körfəzi ölkələrindən neftin əsas həcminin keçdiyi Hörmüz boğazını bağlayacağı ilə hədələyib.

"ABŞ-ın qərarına cavab olaraq İranın strateji Hörmüz boğazını bağlamaq cəhdi əsassız və qəbuledilməz olacaq", – bazar ertəsi ABŞ administrasiyasının nümayəndəsi bildirib.

"İran İslam Respublikasında sahib olduğumuz ən böyük vasitə onların neft ixracıdır", – ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brian Huk deyib. "Əgər davranışda (İran) dəyişikliyə nail olmaq istəyirsinizsə, onun neftilə bağlı məqsədin ciddi olduğunu göstərməlisiniz".

1493031851544212392_1000x669.jpg
Xalid əl-Falih

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih aprelin 22-də qeyd edib ki, Ər-Riyad neft tədarükünün təmin edilməsi və qiymətlərin sabit saxlanması üçün çalışacaq.

ABŞ hökuməti İran neftinin alıcıları üçün sanksiyalardan azad olunmanı uzatmamağı qərara aldıqdan sonra Krallıq neft bazarında dəyişiklikləri yaxından izləyir.

Səudiyyə Ərəbistanı yaxın bir neçə həftə ərzində digər neft istehsalçısı və istehlakçıları ilə məsləhətləşmələr aparacaq. Məqsəd bazarın balanslı və sabit olduğuna əmin olmaqdır", – Əl-Falih deyib.

İran XİN bildirib ki, ABŞ-ın imtinanı yeniləməmək qərarı "əhəmiyyətli deyil", lakin Tehran avropalı tərəfdaşları və qonşuları ilə əlaqə yaradıb və "müvafiq şəkildə hərəkət edəcəklər".

Bəzi analitiklər deyirlər ki, dünya istehsalçılarından (İrandan başqa) neft tədarükü ilin sonuna qədər məhdud qalacaq.

Lakin Vyanada JBC Energy ekspertləri deyirlər ki, Səudiyyə Ərəbistanına tədarükün artırılması tamamilə mümkündür.

"Hazırda bunu demək olar ki, may ayından başlayaraq bazara Səudiyyə Ərəbistanından əlavə həcm gedəcək", – JBC-nin məlumatında bildirilir.

İran-Amerika Milli Şurasının sədri Camal Abdinin fikri maraqlıdır: "Neft icazələrindən imtina etməklə İrana təzyiq göstərmək cəhdləri və İranda iqtisadi kollapsın sürətlənmə ehtimalı İranı amansız konfrontasiyanın qarşısını almaq üçün öz nüvə proqramını bərpa etməyə məcbur edə bilər. Trump bu dağıdıcı siyasətə qəribə şəkildə meyllidir, halbuki, bu, ABŞ-ın təhlükəsizliyinə qorxu yaradır və amerikalı seçicilərin yanacağa görə daha çox ödəməsinə gətirib çıxara bilər".


AZƏRBAYCANDA ŞƏRHLƏR

Energetika Nazirliyindən ASTNA-ya bildiriblər ki, Azərbaycan yeni geosiyasi amillərlə bağlı OPEK + ilə məsləhətləşmələrə açıqdır.

OPEK + razılaşması çərçivəsində 2019-cu ildə Azərbaycan 2018-ci ilin sentyabr göstəricisi ilə müqayisədə neft hasilatını sutkada 20 min barel, yəni 776 min barelədək azaltmalıdır.

energetika-nazirliyi.jpg
Energetika Nazirliyi

Ola bilsin ki, İranın bazardan getməsi bütün neft istehsalçılarını bu kvotalara yenidən baxmağa məcbur etsin.

"Artıq İran neftinə dair qərarlar neft təkliflərinin məhdudluğu baxımından neftin dünya qiymətinin artmasına təsir göstərir",- SOCAR nümayəndəsi ASTNA-ya bildirib.

Onun sözlərinə görə, dünya üzrə İranın neft sortları tələbatı böyük olan az kükürdlü Azərbaycan nefti ilə rəqabət aparmayıb.

"Ola bilsin ki, yeni vəziyyət bu tələbatı artırsın", – SOCAR-ın eksperti istisna etməyib.

Azərbaycan neftin -əsas ixrac məhsulunun satışına böyük önəm verir.

Ana səhifəXəbərlərABŞ İran neftinin idxalına tam qadağa qoyur