ABŞ-İran münasibətlərinin gərginləşməsi nə vəd edir?

Partiya sədri bildirib ki, İran ABŞ gəmilərinə hücum etsə, dənizlərdə azad, sərbəst hərəkətə maneçilik yaratsa, hərbi münaqişənin yaranması istisna deyil

Source: google.az


ABŞ-İran münasibətlərinin gərginləşməsi nə vəd edir?

“Azərbaycan birmənalı olaraq Vaşinqton-Tehran konfliktindən kənarda dayanmalıdı”

ABŞ-İran münasibətlərinin gərginləşməsi yerli və beynəlxalq medianın diqqətində olan mövzulardandır.

Xüsusən ölkələrin rəsmilərinin qarşılıqlı sərt ittihamları müharibə ehtimalını yenidən gündəmə gətirib.

Ötən günün məlumatlarına görə, Vaşinqton Fars körfəzinə 97 min ton su tutumuna malik “Abaraham Linkoln” aviadaşıyıcı gəmi göndərib. Məlumatda deyilir ki, hələlik Oman sularında olan gəminin uzunluğu 333 metr, sürəti 56 km/saatdır. Gəmi 90-dan çox təyyarə və vertolyot daşıyır, 5500 nəfərdən çox heyəti var.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Meydan TV-nin müharibə təhlükəsinin real olub-olmaması haqda sualına “hər şey Tehranın hərəkətlərindən asılıdır,”- deyə cavab verib.

Asim Mollazadə
Asim Mollazadə

Partiya sədri bildirib ki, İran ABŞ gəmilərinə hücum etsə, dənizlərdə azad, sərbəst hərəkətə maneçilik yaratsa, hərbi münaqişənin yaranması istisna deyil:

“Burda əsas gərginliyi artıran Tehranın nüvə proqramı təhdididir. Mən buna cavab ehtimalını gözləyirəm”.

Deputatın sözlərinə görə, baş verənlərin Azərbaycana heç bir aidiyyatı yoxdur. İran Hörmüz körfəzində hansısa təxribat törətsə, yaxud yolların qaşısını alsa, ABŞ-ın zərbə endirməsi istisna deyil:

“Eyni zamanda, Tehranın nüvə proqramlarını bərpa etməsi bəyanatı da gərginliyə səbəb ola bilər. Hər halda Azərbaycanı hadisələrin fəsadları narahat edə bilər, söhbət qaçqınlardan və ya başqa gərginliklərdən gedir. İri ölkələrin özləri problemlərini həll etməlidir, Azərbaycan müstəqilliyini və ərazi bütövlüyünü qorumalıdır”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hazırkı situasiyanı şərh etməyin çətin olduğunu bildirib:

“Çünki yetərincə məlumat olmadığından təhlil edib, fikir yürütmək asan deyil. Təbii, biz tərəflərin sülh yoluna üstünlük verməsini istəyirik ki, bölgədə müharibə təhlükəsi yaranmasın”.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan birmənalı olaraq Vaşinqton-Tehran konfliktindən kənarda dayanmalıdır. İkinci, Rəsmi Bakı çalışmalıdır ki, imkanları çərçivəsində məsələnin sülh yolu ilə həll olunması üçün fəaliyyət göstərsin.

Siyasi icmalçı İlqar Vəlizadə isə hazırda müharibə təhlükəsinin real olduğunu deyir:

“Ancaq müharibə fors-major olduğundan onu proqnozlaşdırmaq çətindir. Hər hansı qığılcım regionda zəncirvari reaksiyaya gətirər ki, bu da müharibə ehtimallarını artırır. ABŞ-ın gəmilərini körfəzə gətirməsi, İran rəhbərliyinin körfəzi bağlaması çağırışları müharibə ehtimallarını artırır. Əgər Tehran çıxılmaz vəziyyətdə qalsa, gərginlik daha da artar”.

İlqar Vəlizadə
İlqar Vəlizadə

İ.Vəlizadə bildirib ki, söhbət proqnozlaşdırılan risklərdən gedirsə, Azərbaycanın müxtəlif modelləri olmalı və onların üzərində hansısa hesablamalar aparılmalıdır. Əgər sanksiya daha da sərtləşsə, Azərbaycan nə edə bilər, yaxud müharibə ehtimalı güclənsə, hansı addımlar atılacaq. Azərbaycan onsuz da regionda tək deyil, Qazaxıstan və Rusiya da var, risklər olsa, bütün region üçün təhlükə yaranacaq. Ona görə Azərbaycan tədbirlərini qonşuları ilə görə bilər. Avqustda Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü gözlənilir, görüşdə əsas məqsəd regiondakı durumu, Şimal-Cənub dəhlizində təhlükələri maksimum neytrallaşdırmaqdır. Burda yalnız bu üç ölkə yox, Hindistan və Avropanın bəzi dövlətləri maraqlıdır”.

Ana səhifəXəbərlərABŞ-İran münasibətlərinin gərginləşməsi nə vəd edir?