ABŞ-İran münasibətlərinin Azərbaycana təsiri olacaqmı?

Ekspertlərin qənaətincə, sanksiyalar Azərbaycandan da yan keçməyəcək

Source:
Donald Tramp
Donald Tramp


Ekspertlərin qənaətincə, sanksiyalar Azərbaycandan da yan keçməyəcək

ABŞ prezidenti Donald Tramp mayın 8-də ölkəsinin İranla atom müqaviləsindən çıxdığını elan etdikdən sonra Azərbaycanın cənub qonşusu ətrafında yeni vəziyyət yaranıb.

İranın nüvə proqramı ilə bağlı müqavilə 2015-ci ildə bağlanıb və nəticədə İrana Qərb tərəfdən qoyulan sanksiyalar aradan qaldırılıb.

Faktiki olaraq ABŞ-ın bu addımını yalnız İsrail dəstəkləyib.

Həm Avropa İttifaqı bir qurum olaraq, həm də ittifaqda aparıcı rollara malik ölkələrdən Fransa, Almaniya, Böyük Britaniya ABŞ-ın bu addımından təssüfləndiklərini bildirib, İrana qarşı yenidən tətbiq olunan sanksiyalara qoşulmayacaqlarını bəyan ediblər.

Fransa rəsmiləri digərlərindən daha irəli gedərək, ABŞ prezidenti və onun administrasiyasının İrana qarşı siyasətini kəskin tənqid ediblər.

ABŞ-ın yeni sanksiyalarına əsasən, İranla əməkdaşlıq edən şirkətlərin ABŞ-da fəaliyyəti məhdudlaşdırılacaq və onların amerikanlı tərəfdaşları müqavilələrinə xitam verməli olacaqlar. Avropanı təmsil edən şirkətlər öz ölkələrinin qanunlarını pozmasalar da, ABŞ qanunvericiliyi ilə üzbəüz qalacaqlar və faktiki olaraq ABŞ və İran bazarı arasında seçim etməli olacaqlar.

Bu qərarın Azərbaycana da mümkün təsirləri müzakirə predmetidir. Belə ki, İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra bu ölkə ilə ikitərəfli münasibətlərdə inkişaf hiss edildi, tərəflər iki ölkəni birləşdirən bir sıra layihələr, o cümlədən dəmiryolu layihəsi barədə müzakirələr apardılar.

Deputat Rasim Musabəyov Meydan TV-yə deyib ki, Azərbaycan əvvəllər də İran İslam Respublikası ilə münasibətləri ikitərəfli əsaslar üzərində qurub:

“Dollarla mübadilə İran üçün bağlı olduğu halda Azərbaycan avro ilə ticari mübadiləni həyata keçirə bilər”.

Rasim Musabəyov
Rasim Musabəyov

Ancaq deputat hesab edir ki, İrana qarşı sanksiyalar sərtləşdiyi halda Bakı ilə ikitərəfli əlaqələrə də mənfi təsirlərini göstərəcək:

“Azərbaycanın maraqlarına faydası olan yerdə müəyyən layihələri həyata keçirmək lazımdır”.

Avropada siyasi mühacir həyatı yaşayan Rauf Mirqədirov isə deyir ki, Qərb ölkələrinin “altılıq”dan çıxmaması və Rusiyanın sanksiyaları icra etməməsi tamamilə fərqli məsələlərdir:

“Avropa Birliyi ölkələri razılaşmanı pozmaya bilər və razılaşmada nəzərdə tutulan müddəaların yerinə yetirilməsini istəyər. Müddəalar da Tehranın nüvə proqramından imtina etməsi və bunun əvəzində qoyulan sanksiyaların böyük hissəsinin götürülməsindən ibarətdir. Amerika prezidenti Trampın qərarlarına gəlincə, Avropa Birliyi ölkələri və Azərbaycan da daxil olmaqla bir sıra dövlətlər özlərinin istəyindən asılı olmayaraq Vaşinqtonun sanksiyalarına riayət etmək məcburiyyətində qalırlar. Çünki ABŞ sanksiyaları yalnız İrana qarşı yox, əsasən vacib dövlətlərə və şirkətlərə qarşı yönəldir. Ona görə bir çox halda ayrı-ayrı dövlətlərin seçim imkanı qalmır”.

Rauf Mirqədirov foto sosial şəbəkə
Rauf Mirqədirov foto sosial şəbəkə

Rauf Mirqədirov deyir ki, ABŞ-ın sanksiyalarına hədəf olmaq dünyanın inkişaf etmiş ölkələri ilə iqtisadi-maliyyə əlaqələrini zərbə altına qoymaqdır:

“Ona görə Azərbaycan sözdə Vaşinqtonun sanksiyalarının əleyhinə çıxacaq, amma konkret iqtisadi əməkdaşlığa gələndə, sanksiyaları nəzərə almalı olacaq. Çünki sanksiyalar Bakı-Vaşinqton münasibətlərinə təsir etmir, bu, həm də Avropa Birliyi ilə Azərbaycan münasibətlərinə də təsir edəcək. Eyni zamanda, Azərbaycana investisiya qoya biləcək bütün ölkələrlə münasibətlərinə təsir göstərə bilər. Məsələ ondadır ki, Azərbaycan öz sərhədlərində qaynar nöqtənin olmasını istəmir və başqa əlaqələr, təhdidlər, maraqlar da var. Bu mənada Bakı üçün arzuolunan mənzərə deyil”.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa hesab edir ki, Azərbaycan iki dövlətin qarşıdurmasına qarışmamalı, öz qonşuları ilə münasibəti normal saxlamalıdır.

Fazil Mustafa
Fazil Mustafa

Onun fikrincə, Azərbaycanın Vaşinqtonun Tehrana qarşı sanksiyalarda iştirakının mənası yoxdur və hər hansı iştirak ölkənin ziyanınadır:

“Hətta seçim imkanı olanda da bitərəf qalmağımız bizim xeyrimizədir”.

Ana səhifəAnalitikaABŞ-İran münasibətlərinin Azərbaycana təsiri olacaqmı?