“Əgər məni təsdiqləsələr mən Azərbaycanda davamlı demokratiya və diversifikasiya edilmiş iqtisadiyyata malik güclü və müasir dövlət quruculuğuna yardım edəcəyəm”
Vaşinqton iki ölkə arasındakı mürəkkəb durumda Azərbaycanda ümumi maraqlara və demokratiyaya sadiqdir. Senat Komitəsindəki dinləmələr zamanı ABŞ-ın Azərbaycana təyin edəcəyi yeni səfiri Robert Sekuta bildirib.
Xarici əlaqələr komitəsinin üzvləri qarşısında çıxış edən Sekuta qeyd edib ki, ABŞ Azərbaycanla üç mühüm istiqamət üzrə əməkdaşlıq edir: təhlükəsizlik, energetika və demokratiya. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.
Sonuncu ölkənin Avroatlantik birliyinə inteqrasiyası üçün mühüm şərtdir.
“Əgər məni təsdiqləsələr mən Azərbaycanda davamlı demokratiya və diversifikasiya edilmiş iqtisadiyyata malik güclü və müasir dövlət quruculuğuna yardım edəcəyəm”, – Sekuta vurğulayıb və əlavə edib ki, ikitərəfli mübasibətləri “ümumi maraqlar və dəyərlər əsasında” qurmağa çalışacaq.
Təhlükəsizliyin və energetikanın vacibliyini qeyd edən Sekuta demokratik institutların və qanunun aliliyinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
“Bu, uzunmüddətli sabitliyin təminatı və Azərbaycanın öz potensialını reallaşdırması üçün vacibdir”, – o qeyd edib.
“Biz başa düşürük ki, Azərbaycan çox mürəkkəb regionda yerləşir və öz təhlükəsizliyini, sabitliyini təmin etməlidir ki, bu da ABŞ tərəfindən qəti şəkildə dəstəklənir. Lakin biz onu da başa düşürük ki, Azərbaycanın istədiyi təhlükəsizlik, sabitlik və çiçəklənmə demokratik prinsiplərə, qanunun aliliyinə, insan hüquqları və fundamental azadlıqlara sadiq olmadan mümkün deyil”, – diplomat vurğulayıb.
Bəzi ekspertlərin fikrincə, son dövrlərdə ikitərəfli münasibətlərin gərginləşməsi, Azərbaycanda vətəndaş cəmiyyətinin sıxışdırılması, Amerika QHT-lərinin ölkədə fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Sekutanın dəstək qazanması elə də asan olmayacaq.
Dünənki dinləmələr zamanı komitə rəhbəri Kris Merfi həbs olunmuş Arif və Leyla Yunusların, həmçinin ümumilikdə siyasi məhbuslar məsələsini qaldırıb.
Sekuta deyib ki, əgər təsdiqlənərsə bu sahə onun gələcək fəaliyyəti zamanı diqqət yetirəcəyi ən mühüm sahələrdən biri olacaq.
Dinləmələr zamanı Qarabağ nizamlanmasına da toxunulub. Sekuta məsələ ilə bağlı bildirib ki, sülhə nail olunması üçün ABŞ administrasiyasının və amerikalı həmsədr Ceyms Uorlikin səylərini dəstəkləyəcək.