Vətəndaş Cəmiyyəti Koalisiyasının üzvləri Qərbi ikili standartlara görə qınayıb
Aprelin 30-da BMM-də “Bakı 2015 I Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası” “Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilib.
Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edib.
“Bütün bunlar Qərbin ikili standartlarından irəli gəlir”
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib ki, I Avropa Oyunları yaxınlaşdıqca ölkəyə qarşı qarayaxma kampaniyası daha da güclənir.
O qeyd edib ki, bu günlərdə ABŞ Dövlət Katibi Con Kerrinin Azərbaycana qarşı planı ilə bağlı mətbuatda yayılan sənəddə hər şey açıq-aşkar bəlli olur, sənəddə ciddi faktlar ortaya qoyulur: “Bütün bunlar da, sözsüz ki, qərbin ikili standartlarından irəli gəlir. Düşünürük ki, ölkəmizə qarşı aparılan bu çirkin kampaniya əvvəllər də olduğu kimi, bu dəfə də bir nəticə verməyəcək”.
“ABŞ Azərbaycanda öz tərəfdarlarını itirməkdədir”
Daha sonra “Müstəqil dövlətlərdə keçirilən beynəlxalq idman və mədəniyyət tədbirlərini siyasiləşdirmək cəhdləri: Azərbaycan nümunəsi” mövzusunda çıxış edən millət vəkili Zahid Oruc deyib ki, Azərbaycana qarşı C.Kerrinin rəhbərliyi ilə hazırlanan bu sənəd mahiyyət etibarı ilə əvvəlki sənədlərdən fərqlənir:
“Müstəqillik dövründə çoxlu müxtəlif hadisələrlə rastlaşmışıq. Bu günlərdə rastlaşdığımız sənəd isə çox maraqlı faktlarla ortaya çıxıb. Əminəm ki, bu iki hissəli bir plandır. Bir hissəsi artıq mətbuatda yayımlanıb. Əminəm ki, ikinci hissəsi də var”.
Z.Oruc bildirib ki, ABŞ-ın hazırki dönəmdə dünya siyasəti özünün bərqərar etmək istədiyi demokratikləşməyə, demokratik dəyərlərə zərbə vurur: “Faktiki olaraq ABŞ-ın demokratiya sahəsində yürütdüyü syasət dünya dövlətlərinin xalqlarını qorxutmaqdadır. Demokratiya qeyri sabitliyin müaribələrin və toqquşmaarın sinoniminə çevrilib”.
Z.Oruc bildirib ki, ABŞ Azərbaycanda öz tərəfdarlarını itirməkdədir və bu heç şübhəsiz həm də Azərbaycanı itirməkdir.
“Özünü klassik demokrat kimi göstərməyə çalışanlar öz ölkələrinə baxmırlar”
Koalisiyanın koordinatoru Aydın Quliyev isə çıxış edərək bildirib ki, bəzi Qərb ölkələri özlərini demokratik inkişaf yolunda model hesab edirlər: “Amma təcrübə göstərir ki, özünü klassik demokrat kimi göstərməyə çalışanlar öz ölkələrinə baxmırlar, öz daxillərində cərəyan edən hadisələrə münasibət bildirmədən digər ölkələri ittiham edirlər ki, bu da ikili standartlara yol açır”.
A.Quliyev ABŞ-da və digər qərb ölkələrində insan hüquqları sahəsində mövcud problemlər, polis zorakılığı, jurnalistlərin müstəqil fəaliyyətinə qoyulan qadağalar və s. barədə konkret faktlarla misallar gətirib.
O qeyd edib ki, bu faktlar həmin ölkələrdə insan haqlarının real vəziyyətinin necə olması barədə aydın təsəvvür yaradır.
Daha sonra çıxış edən “İctimai Problemlərin Tədqiqi Assosasiyası” İctimai Birliyinin sədri Məhərrəm Zülfüqarlı “ABŞ-da və Avropada irqi və dini ayrıseçkilik hallarının artması: multikulturalizmin iflası” mövzusunda çıxış edib.
O qeyd edib ki, dünyaya demokratiya öyrətməyə çalışan ABŞ insan haqları ilə bağlı 13 konvensiyadan 9-na qoşulmayıb: “Avropa Birliyinə gəldikdə isə insan haqları ilə bağlı vəziyyətə nəzarət edən heç bir qurum yoxdur. Başqa ölkələrin insan haqları barədə vəziyyətə münasibət bildiririlər, amma özlərində insan haqları ilə bağlı heç bir qurum yoxdur. Bu da orada vəziyyətin qeyri-normal olduğunu göstərir”.
““Freedom House” Təşkilatının vəsaitlərinin 80 faizi ABŞ büdcəsindən gəlir”
“Konstitusiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev isə “Dövlət orqanlarının və beynəlxalq təşkilatların fəaliyyətində korrupsiya” mövzusunda çıxış edərək deyib ki, Azərbaycanı korrupsiyada ittiham edənlərin özlərində kifayət qədər korrupsiya faktları mövcuddur:
“Bildiyiniz kimi, beynəlxalq təşkilatlarda da korrupsiya faktlarına rast gəlmək olar. Onlar qrant ayırırlar, həmin qrantlar necə xərcləndiyini bilirlərmi? “Freedom House” Təşkilatının vəsaitlərinin 80 faizi ABŞ büdcəsindən gəlir. Ona görə də həmin dövlətin maraqlarına xidmət edir. Demokratiya və insan haqları ilə bağlı yaydıqları bəyanatlarda da maliyyələşdirdikləri dövlətin maraqlarını əsas tuturlar. Bütün bunlara diqqət etdikdə görürük ki, onlar Azərbaycana qarşı qərəzlidirlər”.
“Əlimizdə sənədimiz var”
“APA Holding” MMC-nin rəhbəri Vüsalə Mahirqızı
APA
İnformasiya Agentliyində yayımlanmış “Con Ker
ri
nin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası” sərlövhəli araşdırmanın hazırlanması zamanı istinad olunmuş sənədləri nümayiş etdirib.
APA-nın məlumatına görə, V. Mahirqızı bildirib ki, araşdırma yazı müvafiq sənədlər əsasında hazırlanıb: “Ancaq təəssüf edirəm ki, həmin yazıda adı çəkilən bəzi qeyri-hökumət təşkilatı rəhbərləri və ekspertlər yazıya şübhə ilə yanaşdılar. Dünən ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında da yazı ilə bağlı qeyri-korrekt ifadələr yer alıb. Ona görə biz redaksiya olaraq qərara gəldik ki, sənədləri nümayiş etdirək. Yazı 4 sənəd əsasında hazırlanıb. Bunlar “Avropa təşkilatlarının insan haqları naminə idman layihəsi”, “2015-ci il yanvarın 15-16-da insan hüquqları təşkilatının Varşava görüşündə qəbul olunmuş sənəd”, “Azərbaycanda əlamətdar günlər, beynəlxalq tədbirlər və yüksək vəzifəli şəxslərin səfər təqvimi” və “NED-in həyata keçirdiyi kampaniyanın layihəsi”dir”.
V. Mahirqızı deyib ki, APA fəaliyyəti dövründə heç vaxt fakta əsaslanmayan yazı hazırlamayıb: “Bu dəfə də istisna deyil. Biz bir daha sübut etdik ki, fakt, sənəd olmadan yazı yazmırıq”.
“Mən koalisiyanın işini də yüksək dəyərləndirirəm”
Millət vəkili Asim Mollazadə Azərbaycan xalqının Avropa Oyunlarına böyük önəm verdiyini bildirib: “Çünki burada Azərbaycan xalqının mədəniyyətinin, ölkəmizin inkişafının təbliğini aparır. Mən koalisiyanın işini də yüksək dəyərləndirirəm”.
Politoloq Elman Nəsirov da çıxışında bildirib ki, ABŞ-ın hakimiyyətində təmsil olunanlar Azərbaycana qarşı qərəzli mövqedədir. O, Azərbaycan qarşı təzyiqlərin ölkənin müstəqil siyasət yeritməsi ilə bağlı olduğunu deyib.
Millət vəkili Çingiz Qənizadə isə ABŞ-ın separat quruma dəstək verdiyini bildirib. Onun sözlərinə görə, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin siyasi çəkisinin daha da artmasına şərait yaradacaq: “Bundan narahat olan qüvvələr Azərbaycana qarşı belə addımlar atırlar. Bütün bunlar ABŞ və Qərbin Azərbaycana münasibətinin qeyri-səmimi olduğunu göstərir”.