“Reuters”in məlumatına görə, sanksiyaların yumşaldılması üzrə plan yaxın günlərdə Moskva və Vaşinqton arasında yeni danışıqlarda açıqlana bilər
ABŞ Rusiyaya qarşı sanksiyaların yumşaldılması planı hazırlayır. Bu haqda “Reuters” ABŞ rəsmisinə və vəziyyətlə tanış olan digər şəxsə istinadən xəbər verir.
Onların sözlərinə görə, Ağ Ev ABŞ Dövlət Departamentinə və Maliyyə Nazirliyinə yumşaldılması mümkün olan sanksiyaların siyahısını hazırlamağı tapşırıb.
Agentliyin mənbələri iddia edir ki, Amerikanın dövlət qurumları Moskvaya bəzi hüquqi və fiziki şəxslərə, o cümlədən bəzi rusiyalı oliqarxlara qarşı sanksiyaları ləğv etməyi təklif etmək istəyir. Bunun qarşılığında Vaşinqtonun konkret nə tələb edəcəyi hələlik bəlli deyil.
“Reuters”in mənbələri bildirir ki, ABŞ və Rusiya rəsmiləri yaxın günlərdə ölkələr arasında diplomatik və iqtisadi münasibətləri yaxşılaşdırmaq üçün yeni danışıqlar zamanı sanksiyaların ləğvini müzakirə edə bilərlər. Onlar həmin danışıqların dəqiq yeri və vaxtı barədə hələlik heç bir məlumat vermirlər.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin keçmiş rəhbəri Con Smitin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi prosesinin başlamasına yol açan sərəncam verə bilər, amma bunun üçün Konqresin razılığını almalıdır.
“Reuters” bildirir ki, Ağ Ev, Dövlət Departamenti, Maliyyə Nazirliyi və Rusiyanın Vaşinqtondakı səfirliyi hələlik bu məlumatı şərh etmirlər.
Ötən il, Ukraynanı yardım və silahla dəstəkləyən, Ukraynaya qarşı başladığı müharibərə görə cəzalandırmaq üçün Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən Co Bayden administrasiyası dövründə Kreml münasibətləri “sıfırdan aşağı” kimi xarakterizə etmişdi.
Müharibəni tez bir zamanda dayandırmağa söz verən Tramp isə ABŞ-nin siyasətini dəyişərək, Moskva ilə danışıqlara başlayır, fevralın 12-də Rusya Prezidenti Vladimir Putinə zəng edir, daha sonra isə ABŞ və Rusiyanın rəsmi şəxsləri arasında Səudiyyə Ərəbistanı və Türkiyədə görüşlər baş tutur.
ABŞ-nin 2022-ci ildən bəri Rusiyaya qarşı sanksiyaları ölkənin böyük neft və qaz sənayesindən əldə edilən gəlirləri məhdudlaşdırmağa və müharibəni maliyyələşdirmək imkanlarını zəiflətməyə yönəlmiş tədbirləri əhatə edir.
Vaşinqton da başda olmaqla Qərb hökumətləri Rusiya neftinin ixracına bir barrelə görə 60 dollarlıq məhdudiyyət tətbiq edib. Bundan başqa, Bayden yanvarın 10-da vəzifəsindən getməzdən bir müddət əvvəl Rusiya enerji şirkətlərinə və neft daşıyan gəmilərə sanksiya tətbiq etməklə Moskvaya ciddi zərbə vurdu.
Yanvar ayında Tramp Putinin Ukraynada müharibəni dayandırmaq üçün danışıqlar aparmaq istəmədiyi təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini bildirdi. Bununla belə, bu yaxınlarda Tramp administrasiyasının rəsmiləri Moskvaya qarşı sanksiyaların yumşaldılmasının mümkünlüyünü açıqladılar.
Maliyyə naziri Skott Bessent fevralın 20-də “Bloomberg Television”a müsahibəsində deyib ki, Rusiya qarşıdakı həftələrdə danışıqlara necə yanaşmasından asılı olaraq iqtisadi yardım ala bilər. Fevralın 26-da isə Tramp jurnalistlərə deyib ki, Rusiyaya qarşı sanksiyalar “nə vaxtsa” yumşaldıla bilər.