ABŞ-ın keçmiş prezidenti 30-dan çox ittihamla üzləşib

D.Tramp. Foto: arxiv

Tramp bunun “tarixdə ən ağır təzyiq və seçkilərə müdaxilə” cəhdi olduğunu söyləyib

Manhetten Münsiflər Məhkəməsi sabiq prezident D.Trampı biznes sahəsində saxtakarlıq etməkdə günahlandıraraq ona qarşı  30-dan çox maddə ilə məhkəmə işi açıb. Bu barədə məhkəmə işi ilə tanış olan iki şəxs məlumat verib. CNN xəbər agentliyi yazır ki, Amerikanın tarixində ilk dəfədir ki, cari və ya sabiq prezidentə qarşı rəsmi cinayət ittihamı irəli sürülüb.

Trampın çərşəmbə axşamı məhkəmə qarşısına çıxması gözlənilir. Cinayət işi ilə bağlı akt məhkəməyə təqdim edilib, ancaq Tramp ilə bağlı irəli sürülən ittihamlar hələlik ictimaiyyətə məlum deyil. Cinayət işi ilə bağlı ətraflı məlumatın yaxın günlərdə açıqlanması gözlənilir.

Manhetten bölgəsinin  prokuroru Alvin Braqq eks prezidentin  2016-cı il prezidentliyə namizəd olduğu zaman porno ulduzu Stormi Danielsin aralarındakı münasibəti  ört-basdır etmək üçün verdiyi pulu araşdırır. Belə ki, Donald Trampın 2016-cı il seçki kampaniyası zamanı porno aktrisaya 130 min dollar ödədiyi iddia olunur.

Münsiflər məhkəməsinin həyata keçirdiyi prosedurlar hələlik gizli saxlanılsa da, CNN-ə məlumat verən mənbələrin sözlərinə görə  Trampın ittihamı olunmasına səs vermədən öncə şahid qismində olan şəxs 30 dəqiqə dindirilib.

Şübhəsiz bu qərar bütün ölkədə şok dalğası yayaraq,  Amerika siyasi sisteminə təsir göstərib.  Çünki daha öncə ölkədə heç bir  prezident bu cür ittihamlara məruz qalmayıb.

İttihama cavab olaraq Tramp isə bunun “tarixdə ən ağır təzyiq və seçkilərə müdaxilə” cəhdi olduğunu söyləyib.

Düşünürəm ki, bu məsələ Co Baydenə çox ağır zərbə vuracaq”,- deyə keçmiş prezident bildirib. “Amerika xalqı burada ifrat solçu demokratçıların nə etməyə çalışdığını çox yaxşı başa düşür. Beləliklə, bizim hərəkatımız və partiyamız Alvin Braqqı, daha sonra Co Baydeni məğlub edəcək və Amerika yenidən böyük olsun deyə  demokratları dəf edəcək!”.

Onunla birbaşa danışan birinin dediyinə görə, Tramp böyük münsiflər heyətinin ona qarşı ittiham irəli sürməsi qərarı ilə ehtiyatsız qalıb. Keçmiş prezident ötən həftə ittiham aktını hazırlayarkən, mümkün ittihamnamənin həftələr və ya daha çox vaxt qalacağına dair xəbərlərə inanmağa başlayıb.

Prokurorluq Trampın vəkilləri ilə əlaqə saxlayıb.

Trampın vəkili Joe Tacopina isə bildirib ki, Manhetten Münsiflər Məhkəməsi Trampı ittiham etmək üçün səs verdikdən bir gün sonra keçmiş prezidentin Nyu-York rəsmilərinə təslim olması istənilib.

Bundan əlavə, Takopina ittiham aktının vaxtı barədə təəccübləndiyini bildirib. Belə ki, vəkil keçmiş prezidenti qoruyan məxfi xidmətin Trampın Nyu-Yorka çatdırılmasını koordinasiya etməsi üçün daha çox vaxt tələb olunduğunu qeyd edib.

CNN yazır ki, Trampla bağlı açılan cinayət işi 2024-cü il prezidet seçkiləri kampaniyasında yeni cığır açılmasına səbəb olub, çünki eks prezident ittihamlara baxmayaraq seçkilərə qoşulmağa davam edəcəyini bildirib.

Eks prezident özünü tez-tez demokrat prokurorlar tərəfindən aparılan siyasi araşdırmanın qurbanı kimi təqdim edərək, ictimai rəyi dəyişdirməyə çalışıb. Qeyd edək ki, ittiham irəli sürülən kimi, Tramp tərəfdarlarını onun həbsinə etiraz etməyə çağırıb.

Tramp şəxsi, peşəkar və siyasi həyatına təsir göstərəcək uzunmüddətli hüquqi proseslərdən qaçır.

Dekabr ayında Trampa məxsus şirkətə qarşı bir neçə vergidən yayınma ittihamı irəli sürülüb, lakin Trampın özü şəxsən bu işdə ittiham olunmayıb.

Bütün ittihamlara baxmayaraq, Respublikaçılar Partiyası Trampı müdafiə edib.

Ana səhifəDünyaABŞ-ın keçmiş prezidenti 30-dan çox ittihamla üzləşib