Qərar 100-dən çox ölkədə çalışan yüzlərlə USAİD əməkdaşına təsir göstərəcək
Tramp administrasiyası sentyabrın 30-na qədər Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün xarici nümayəndəliklərini ləğv edəcək və onun proqramları üzərində nəzarəti birbaşa Dövlət Departamentinə ötürəcək.
Bu barədə “The Guardian” daxili mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, dövlət katibi Marko Rubio çərşənbə axşamı agentliyin bütün beynəlxalq işçi qüvvəsinin ləğv edilməsini, xarici yardım proqramlarına nəzarətin birbaşa Dövlət Departamentinə verilməsini əmr edib.
Qərar 100-dən çox ölkədə çalışan xarici xidmət zabitləri, podratçılar və yerli işçilər də daxil olmaqla, qlobal miqyasda yüzlərlə USAİD əməkdaşına təsir göstərir. ABŞ səfirliklərindəki missiya rəhbərlərinə dörd ay ərzində baş verəcək köklü dəyişikliklərə hazır olmaları tapşırılıb.
Məlumatda deyilir ki, Departament “əvvəllər USAİD tərəfindən həyata keçirilən xarici yardım proqramlarına görə məsuliyyəti 15 iyundan etibarən öz üzərinə götürəcək”.
Dövlət Departamenti şərh sorğusuna cavab verməyib.
Bu ilin martında ABŞ USAID-ə aid olan proqramların 83%-ni dayandırıb. Yerdə qalan sayca təxminən 1000 proqramın isə birbaşa Dövlət Departamentinin nəzarətində davam etdiriləcəyi bildirilirdi.
ABŞ Prezidenti Donald Tramp vəzifəsinin ilk günlərində agentliyin proqramlarının “Amerika dəyərlərinə” və ABŞ-nin xarici siyasət məqsədlərinə nə dərəcədə uyğun olduğunu yoxlamaq məqsədilə USAID-in xarici yardımını 90 gün müddətinə dondurmuşdu.
Bundan sonra USAID-in dünya üzrə 10 mindən çox olan heyət sayı 300-ə qədər azaldılıb və ölkə xaricində olan işçilər məzuniyyətə buraxılıb.
ABŞ-nin xarici yardımları əsasən 1961-ci ildə Prezident Con Kennedinin yaratdığı USAID tərəfindən həyata keçirilib.
Agentliyin xarici yardım büdcəsi 2025-ci ildə 42,8 milyard dollar olmalı idi. Agentlik, xüsusilə, bütün dünyada bir çox humanitar proqramları maliyyələşdirirdi.
Təşkilatın Azərbaycandakı fəaliyəti zaman-zaman hakimiyyət nümayəndələrində narazılıq yaradırdı. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ilin yanvarında bildirmişdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin 2024-cü il iyulun 1-dən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil.
“Onların fəaliyyətinin dayandırılmasının vaxtı yetişmişdi. Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib”, – nazir belə demişdi.
Bundan sonra fevral ayında Azərbaycan ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin bu ölkədə fəaliyyətinin dayandırılmasına dair Birləşmiş Ştatlara bildiriş göndərmişdi.