ABŞ Helsinki Komissiyası və Amnesty İnternational etiraz edir

“Avropa Şurası, onun Baş Katibi və Nazirlər Komitəsi israrla Bakıdan bu siyasətə son qoymağı tələb etməlidirlər”

Source:


“Avropa Şurası, onun Baş Katibi və Nazirlər Komitəsi israrla Bakıdan bu siyasətə son qoymağı tələb etməlidirlər”

Mayın 7-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası (ABŞ Helsinki Komissiyası) 8 NİDA-çı gəncin məhkum edilməsi, aparıcı jurnalist və insan haqları fəallarının həbsi ilə bağlı Azərbaycan hökumətini qanunun aliliyinə və insan haqlarına dair öhdəliklərinə hörmət etməyə çağırıb (Azadlıq Radiosu).

ABŞ Helsinki Komissiyasının sədri senator Ben Gardin NİDA fəallarının məhkəməsi ilə bağlı bildirib ki, gənclərə qarşı bütün hüquqi proses heç də təkcə hökumətin mövqeyindəki məntiqsizliklə deyil, həm də bu həbslərin və bunun ardınca irəli sürülmüş ittihamların siyasi motivli olduğuna və hökumət tənqidçilərinin susdurulmasına yönəlməsi ilə bağlı inandırıcı iddiaların olması ilə narahatlıq yaradır. “Mən bu uzunmüddətli azadlıqdan məhrumetmə hökmlərindən və aclıq elan etmiş gənclərin səhhətindən və durumundan son dərəcə narahatam” – deyə Ben Gardin deyib.

Senator rəsmi Bakını istintaqa yenidən baxmağa və bu işdə qanunun aliliyinin və ədalətin təmin edilməsinə çağırıb.

ABŞ Helsinki Komissiyasının həmsədri, konqresmen Chris Smith isə Ermənistanın xeyrinə casusluqda ittiham olunan “Zerkalo” qəzetinin jurnalisti Rauf Murqədirovun həbsindən, eyni zamanda hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun saxlanmasından və onlar barəsində aparılan təhqiqatdan narahatlığını ifadə edib: “Bu həbslər hökumət tənqidçiləri barəsində çıxarılan bir neçə ittiham qərarlarının ardınca həyata keçirilir. Bu, çox narahatedici meyldir. Mən Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının üzvü olan Azərbaycanı bu işə səkkiz fəalın azadlığa buraxılması perspektivinə yenidən baxmağa və bir daha qanunun aliliyinə sədaqət göstərməyə çağırıram. ATƏT özünün təməl ideyasının – “insan haqlarına ehtiramın sabitlik və təhlükəsizliyi artırdığının» həqiqiliyini dəfələrlə nümayiş etdirib”.

“Amnesty İnternational” isə NİDA-çılarla bağlı məhkəmə hökmündən sonra mayın 14-də ölkədə insan hüquqları sahəsində vəziyyətin ağır olması fonunda Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsində 6 aylıq sədrliyini xatırladan bəyanat yayıb.

Bəyanatda polisin məhkəmə önündə toplaşmış dinc NİDA tərəfdarlarını və jurnalistləri güc tətbiq edərək dağıdılması bildirilib. “Bu hökm insan hüquqlarına qəsd və Azərbaycanın əsas azadlıqlara hörmət etməkdən imtinasının davam etməsinin xatırlatmasıdır”, deyə “Amnesty İnternational”ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeev söyləyib (“Turan İA”).

Sədrliyin ötürülməsi “Amnesty İnternational”ın Azərbaycan üzrə “Barmaqlıqlar arxasında: Azərbaycanda fərqli düşüncənin boğulması” adlı yeni məruzəsinin dərc edilməsi ilə eyni vaxta təsadüf edir. Məruzədə Azərbaycanda müxalifət partiyalarının, müstəqil KİV-lərin səsinin, habelə hökumətə qarşı istənilən tənqidlərin boğulması üçün döyülmədən, ədalətsiz məhkəmə proseslərindən, saxlanmalardan və həbslərdən necə istifadə edildiyindən bəhs edilir.

D.Krivoşeev bildirib ki, Azərbaycan öz Konstitusiyasında və Avropa Şurasında insan hüquqlarına hörmət və onları müdafiə etdiyini bəyan edib. Amma təcrübədə bu milli və beynəlxalq öhdəliklərdən imtina baş verir. İndi Azərbaycanda öz baxışlarını dinc şəkildə ifadə etdiklərinə görə ən az 19 vicdan məhbusu var, onlar arasında NİDA fəalları, hakimiyyəti tənqid edən siyasətçilər, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və blogerlər var: “Biz həmişə onları dərhal və qeyd-şərtsiz azad etməyə çağırmışıq. Bununla belə, fikri ifadə azadlığı hüququnu dinc şəkildə ifadə etdiyinə görə həbs olunanların sayı getdikcə artır”.

“Avropa Şurası, onun Baş Katibi və Nazirlər Komitəsi israrla Bakıdan bu siyasətə son qoymağı tələb etməlidirlər” – deyə Krivoşeev fikrini tamamlayıb.

“Amnesty International” və bütün Avropadan fəallar mayın 6-da Azərbaycanın sədrliyi qəbul etməsi mərasimi zamanı etiraz aksiyası keçirməyə hazırlaşır. Onlar Azərbaycanı AŞ Nazirlər Komitəsinin sədri kimi ölkədə və xaricdə insan hüquqlarını müdafiə etməyə çağırırlar. “Amnesty International” və fəallar həmçinin Nazirlər Komitəsini Azərbaycanı bütün vicdan məhbuslarını, o cümlədən NİDA fəallarını dərhal azad etməyə çağırmağa dəvət edirlər.

Ana səhifəXəbərlərABŞ Helsinki Komissiyası və Amnesty İnternational etiraz edir