ABŞ Gürcüstanın DİN və “Alt-İnfo” nümayəndələrinə qarşı sanksiya tətbiq edib

ABŞ Dövlət Departamenti. Foto: oceanfishing/Shutterstock

Dövlət Departamenti 60-dan çox gürcü və onların ailə üzvlərinə viza qadağası qoymağı planlaşdırır

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Gürcüstanda əsas azadlıqları, o cümlədən ifadə azadlığını pozan şəxslərə qarşı sanksiyalar tətbiq edib. Konkret olaraq, dinc nümayişçilərin və siyasi opponentlərin repressiyaları ilə əlaqəli iki Gürcüstan hökumət rəsmisinə və gürcülərin dinc toplantılarının zorakılıqla yatırılmasına cavabdeh və ya iştirakçı olan, bu prosesdə birbaşa və ya dolayısı ilə iştirak etmiş iki Gürcüstan vətəndaşına qarşı sanksiyalar tətbiq edilib.

“Bugünkü hərəkətlər Gürcüstanda antidemokratik aksiyaların nəticələri və əsas şəxslərin öz məqsədlərinə çatmaq üçün zorakılıq və hədə-qorxudan istifadə etmək cəhdləri ilə bağlı narahatlığımızı göstərir. Birləşmiş Ştatlar insanların hüquqlarını pozmağa çalışanları məsuliyyətə cəlb etmə fikrinə sadiqdir”, – deyə ABŞ Maliyyə katibinin müavini vəzifəsini icra edən terrorizm və maliyyə kəşfiyyatı üzrə məsul işçisi Bradley T.Smith bildirib.

Departament rəsmisi qeyd edib ki, sözügedən maliyyə sanksiyaları Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Departamentinin direktoru Zviad Xarazişviliyə (“Xareba”) və onun müavini Mileri Laqazauriyə, həmçinin “Alt-İnfo”nun rəhbərləri Zurab Maxaradze və Konstantin Morqoşiyə tətbiq olunur.

Xüsusi Əməliyyatlar Departamentinin törətdiyi zorakılığa “xarici agentlər qanunu”na qarşı dinc etiraz aksiyalarının bir çox iştirakçılarının, o cümlədən Gürcüstan vətəndaşlarının və müxalifət siyasətçilərinin şiddətli döyülməsi daxildir. Xarazişvili siyasi rəqiblərinə qarşı cəza tədbirləri ilə tanınır və etirazçılara qarşı fiziki, şifahi təhqirlərdə şəxsən iştirak edib.
Konstantin Morqoşiya dezinformasiya, nifrət nitqi və təcrid olunmuş icmalara qarşı təhdidlər yaymaq üçün istifadə etdiyi “Alt-İnfo” media şirkətinin yaradıcısıdır. 2021 və 2023-cü ilin iyulunda o, fundamental ifadə və sərbəst toplaşmaq azadlıqlarından dinc şəkildə istifadə edən insanlara qarşı zorakı hücumları müdafiə edib və yüzlərlə izləyicisi ilə qeyri-hökumət təşkilatlarının ofislərinə soxularaq hadisə yerində jurnalistlərə, polis əməkdaşlarına hücum edib.

Zurab Maxaradze dinc nümayişçilərə və marginallaşmış gürcülərə qarşı zorakılığın ən qızğın tərəfdarlarından biri olan “Alt-İnfo” ilə əlaqəli media nümayəndəsidir. O, bilavasitə azlıq qruplarına və jurnalistlərə qarşı zorakılığı təşviq edib”, – bəyanatda deyilir.

Hər dörd şəxs Qlobal Maqnitski İnsan Haqları Hesabatlılığı Aktına əsaslanan və dünyada ciddi insan hüquqları pozuntularını hədəf alan ABŞ İcra Sərəncamına əsasən müəyyən edilib.

ABŞ Dövlət Departamentinin bəyanatına görə, onlar “Gürcüstanda demokratiyanın pozulmasında məsul və ya ortaq olan” 60-dan çox gürcü və onların ailə üzvlərinə viza qadağası qoymağı planlaşdırır.

Dövlət Departamentinin bəyanatına görə, sanksiya tətbiq edilən şəxslər arasında “gürcü xalqının əsas azadlıqlarını məhdudlaşdırmaq üçün səlahiyyətlərindən sui-istifadə edən” mərkəzi və bələdiyyə orqanlarının nümayəndələri də olacaq.

Həmçinin şöbə izah edir ki, bunlar arasında korrupsiya ilə məşğul olan iş adamları, dezinformasiya və zorakı ekstremizmin yayılmasını təbliğ edən şəxslər, etirazçıların döyülməsində iştirak etmiş hüquq-mühafizə orqanlarının əməkdaşları, qeyri-demokratik qanunvericiliyin qəbulunda və vətəndaş cəmiyyətinin məhdudlaşdırılmasında mühüm rol oynamış deputatlar var.

“Gürcüstanda insan haqlarının pozulması və antidemokratik hərəkətlərdən narahatıq. Biz əlavə, cavab tədbirləri nəzərdən keçirməkdə davam edirik. Birləşmiş Ştatlar gürcülərin zorakılıq, hədə-qorxu və ya qorxu olmadan dinc şəkildə toplaşmaq, danışmaq və etiraz etmək hüquqlarını birmənalı şəkildə dəstəkləyirik”, – Dövlət Departamentinin bəyanatında deyilir.

Ana səhifəDünyaABŞ Gürcüstanın DİN və “Alt-İnfo” nümayəndələrinə qarşı sanksiya tətbiq edib