ABŞ dövlət katibi Kerrinin “cəmiyyətlərinizi sülhə hazırlayın” bəyanatı nə deməkdir?

Vəfa Quluzadə: “Cənab Kerri narahat olmasın ki, xalqlar sülhə hazır deyil, xalqlar sülhə hazırdır, Moskva sülhə hazır deyil”

Ərəstun Oruclu: “Məntiqlə yanaşdıqda, Moskvaya Qafqazda yeni münaqişə ocağı alovlandırmaq lazım deyil, amma…”

Source:


Vəfa Quluzadə: “Cənab Kerri narahat olmasın ki, xalqlar sülhə hazır deyil, xalqlar sülhə hazırdır, Moskva sülhə hazır deyil”


Ərəstun Oruclu: “Məntiqlə yanaşdıqda, Moskvaya Qafqazda yeni münaqişə ocağı alovlandırmaq lazım deyil, amma…”

Sentyabrın 5-də ABŞ dövlət katibi Con Kerrinin prezidentlər İlham Əliyev və Cerj Sarkisyanla görüşünün yekunları ilə bağlı Dövlət Departamentinin bəyanatı maraqlı məqamlarla yadda qalıb.

Bəyanatda bildirilir ki, Kerri tərəfləri atəşkəs rejiminin şərtlərinə hörmət etməyə, Azərbaycan və Ermənistan cəmiyyətinin sülhə hazırlaşdırılması üçün əlavə təbdirlər görməyə cağırıb.

Kerri həmçinin prezidentlərin münaqişənin tənzimlənməsinin əsas məsələləri üzrə dialoqu davam etdirmək barədə razılığını alqışlayıb.

Bəyanatı Meydan TV-yə şərh edən keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə bildirib ki, cənab Kerrinin söylədikləri diplomatik ibarədir: “Ona görə ki, əgər ortalıqda sülh əldə olunsa, prezidentlər sülh planını qəbul edib ona imza atsalar, xalqlar sevinəcək. Ermənilər də, biz də sevinəcəyik. Çünki sülh böyük bir şeydir. Bu mənada dövlət katibi Kerri narahat olmasın ki, xalqlar sülhə hazır deyil, xalqlar sülhə hazırdır, Moskva sülhə hazır deyil. Ona görə Kerri gedib Moskvayla işləsin ki, Kreml tərəflərdən əl çəksin. Ələxüsus Ermənistandan əl çəksin, çünki bu dövləti Rusiya idarə edir və İrəvan nə vaxt sülhə can atırsa, cəzalandırılır”.

“Putinin Soçidə prezidentlərin görüşünü təşkil etməsindən sonra ABŞ dövlət katibinin belə təmas qurması Rusiyaya mesaj sayıla bilərmi” sualına Vəfa Quluzadənin cavabı belə oldu: “Bu, mesaj deyil. Çünki prezidentlərin görüşü Soçi təmasından əvvəl də planlaşdırılmışdı. Putinə mesaj isə hər şeydir, NATO-nun Rusiyanın əleyhinə aparılan fəaliyyət və sanksiyalardır. ABŞ həmişə bu sanksiyaları rus xalqının yox, Putin rejimin əleyhinə olduğunu bildirib”.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Kerrinin açıqlaması ilə bağlı Meydan TV-yə bildirdi ki, bu, amerikalıların və avropalıların həmişə səsləndirdiyi fikirlərdir: “Söhbət kompromiss sülhdən gedir. Kompromis sülh də münaqişə tərəfləri üçün müəyyın güzəştlər deməkdir. Təxminən belə anlamaq olar ki, Ermənistanın işqal altındakı ərazilərin azad olunması ilə bağlı güzəştindən gedir. Digər tərəfdən isə Azərbaycanın növbəti mərhələdə Dağlıq Qarabağın statusu ilə bağlı güzəştə getməsidir. Hər halda bunun yaxşı təklif olduğunu düşünmürəm”.

Politioloq görüşün Soçidən sonra baş tutmasını Qərbin Rusiyaya bir mesajı olduğunu da ehtimal edir: “Çünki Rusiya Azərbaycana təzyiqlər etmək, əsgərimizin qətlində əməliyyat qurmaqla Soçi görüşünü təşkil etdi. Kremlin məqsədi planlaşdırılan Paris görüşünü pozmaq idi, amma Qərbin təşəbbüsü ilə sentyabrın 5-də prezidentlərin görüşü baş tutdu. Ətraflı məlumat verilməsə də, Kerrinin məlum fikri sıradan bir olay deyil”.

Ancaq politoloq Rusiyanın sona qədər prosesə mane olacağını da dedi: “Biz Moskvanın münaqişə dairəsinin getdikcə genişləndiyini də

 unutmayaq, artıq Qazaxıstanla münasibətlərdə soyuqluq sezilir, NATO tərəfdindən sərt tənqid olunur. Astana ilə münasibətlərin bu cür məcraya düşməsi Gömrük sazişi, Avrasiya İttifaqının risk altında olduğunu göstərir. Məntiqlə yanaşdıqda, Moskvaya Qafqazda yeni münaqişə ocağı alovlandırmaq lazım deyil. Amma Rusiyanın  hansı məntiqlə davranacağını bilmirik”.

Ana səhifəXəbərlərABŞ dövlət katibi Kerrinin “cəmiyyətlərinizi sülhə hazırlayın” bəyanatı nə deməkdir?